CƏMİYYƏT


Azərbaycanda həyata keçirilən islahatların məqsədi dövlət idarəçiliyini daha şəffaf, səmərəli və çevik etməkdir

Bakı, 12 may, AZƏRTAC

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən başladılan və xalqımız tərəfindən rəğbətlə qarşılanan geniş hüquqi, institusional və kadr islahatlarının başlıca məqsədi inkişafımıza mane olan halları aradan qaldırmaq, dövlət idarəçiliyini daha şəffaf, səmərəli və çevik etməkdir. İslahatların aparıldığı başlıca sahələrdən biri korrupsiyaya qarşı mübarizə, vətəndaş-məmur münasibətlərini daha sağlam əsaslar üzərində qurmaq və vətəndaş məmnunluğuna nail olmaqdır. Bu sahədə atılan addımlar, müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər bəyənilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib.

Deputat deyib ki, xalqımızın minilliklərdən keçib gələn qədim və zəngin mədəniyyətinin qoruyucusu olan Mədəniyyət Nazirliyinin rəhbər işçilərinin əməlləri daha çox hiddət doğurur. Hamı bilir ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün gedişində ərazilərimizin bir qisminin işğal edilməsi nəticəsində tarix və mədəniyyət abidələrimiz tamamilə dağıdılıb, xalqımızın adına olan nə varsa hamısı vəhşicəsinə dağıdılıb. İşğalçılar tərəfindən güllələnmiş və bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyinin həyətində saxlanılan görkəmli mədəniyyət xadimlərinin heykəlləri bizim hər birimiz üçün dərs deyilmi? Tarixi torpaqlarımız olan Ermənistanda da tarix və mədəniyyət abidələrimiz, qəbiristanlıqlarımız yerlə-yeksan edilib. Orada da millətimizin adına bir şey qalmayıb.

Çoxlu suallar yaranır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması üçün gərgin səylər göstərdiyi bir zamanda Mədəniyyət Nazirliyində baş verən bu biabırçılığın adı nədir? Dövlətimiz imkanları daxilində tarix və mədəniyyət abidələrinin bərpası üçün vəsait ayırır, ancaq rayonlardakı tarix və mədəniyyət abidələri nə vəziyyətdədir? Nazirlik rəhbərliyi bunları nə üçün görməyib? Görübsə nə üçün ölçü götürməyib?

Korrupsiyaya qurşananlar, milli-mənəvi dəyərlərimizə və ölkəmizin adına ləkə gətirənlər birdəfəlik anlamalıdırlar ki, dövlətin, millətin pulunu yemək olmaz və əməllərinə görə gec-tez cavab verməli olacaqlar.

“Fikrimcə, Mədəniyyət Nazirliyinin bütün sistemində və yerli şöbələrində köklü islahatların aparılması, digər rüsvayçılıqlara son qoyulması artıq zərurətə çevrilib. Vətəndaşlarımız digər məsələlərdə olduğu kimi, islahatların aparılması və korrupsiyaya qarşı mübarizə məsələsində də Prezidentin yanındadırlar”, - deyə Musa Qasımlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.