SİYASƏT


Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahat və yeniliklər Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrasına töhfə verir VİDEO

Cenevrə, 8 aprel, AZƏRTAC 

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (AİK) 68-ci sessiyası çərçivəsində aprelin 8-də BMT-nin Cenevrədəki ofisində Avropa şəhərlərinin rəhbərlərini bir araya gətirən “Şəhərlər günü” keçirilir. Tədbir “Ağıllı dayanıqlı şəhərlər: Dayanıqlı inkişafın aparıcıları” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“Şəhərlər günü” yaxşı təcrübə və uğurlu şəhər planlaması sahəsində bilik və fikirlərin mübadiləsi məqsədilə keçirilir və bu tədbirdə BMT-nin AİK-in əhatə etdiyi regiondan əlliyə yaxın mer, şəhər idarəçiləri və digər şəhər məsələləri üzrə məsul şəxslər bir araya gəliblər. İki dəyirmi masadan ibarət olan bu tədbir zamanı şəhərlərdə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, şəhərlərdə xidmət əməliyyatları və xidmətlərin təkmilləşdirilməsi əsas hədəflərdir.

Çıxışlarda qeyd edilib ki, statistik göstəricilərə əsasən, Avropa İqtisadi Komitəsi regionu əhalisinin böyük hissəsi artıq şəhərlərdə məskunlaşıb. Bütün bunlar, öz növbəsində, şəhərdə mövcud ehtiyatların böyük təzyiqə məruz qalması ilə nəticələnir ki, bu səbəbdən yaranan çətinliklərin aradan qaldırılması istiqamətində müasir texnologiyalar ilə yanaşı, ağıllı strategiyaların tətbiqinə də ehtiyac duyulur. Hesab edilir ki, AİK tərəfindən uzun müddət ərzində aparılan fəaliyyət nəticəsində qəbul edilmiş norma, standart, konvensiya və təşəbbüslər hökumətlərə bu kimi çətinliklərin aradan qaldırılması üçün dəstək ola bilər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “İnsanların həyat keyfiyyətinin yaşxılaşdırılması” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edib. O, öz çıxışında bildirib ki, Azərbaycan Respublikası 2000-2015-ci illəri əhatə edən və qlobal səviyyədə qəbul edilmiş BMT-nin Minilliyin İnkişaf Məqsədlərini uğurla yerinə yetirib, bu dövrdə Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi ÜDM-in üç dəfə artmasına və yoxsulluq və işsizlik səviyyəsinin beş faizə enməsinə nail olub. Məhz bu nailiyyətlərə görə Azərbaycan beynəlxalq “Cənub-Cənub” mükafatına layiq görülüb və hazırda da BMT-nin Dayanıqlı Inkişaf Məqsədlərinin uğurla icrası üçün səylərini davam etdirir. Eldar Əzizov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2016-cı ildə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi təsis edilib və Agentliyin başlıca məqsədi aşağı və orta gəlirli vətəndaşların, gənc ailələrin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və onları güzəştli şərtlərlə mənzillərlə təmin etməkdir. Bu, öz növbəsində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrasına töhfə verir və bu məsələlərin Bakı şəhərində mənzil-məişət problemlərinin həlli ilə bağlı Agentliklə Bakı Şəhər İcra Hakimiyyəti arasında sıx əməkdaşlıq həyata keçirilir.

Daha sonra E.Əzizov tədbir iştirakçılarını BMT-nin Cenevrədəki ofisinin binasında təşkil edilmiş sərgidə Bakı şəhərinin stendi ilə tanış olmağa dəvət edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.