CƏMİYYƏT
Azərbaycanda hüquq mühafizə orqanlarının qadın əməkdaşları üçün MOBILAZE layihəsi çərçivəsində seminar keçirilir
Azərbaycan Respublikasında hüquq mühafizə orqanlarının qadın əməkdaşları üçün MOBILAZE layihəsi çərçivəsində seminar keçirilir.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək seminarın keçirilməsində məqsəd Azərbaycan Respublikası sərhəd və miqrasiya idarəçiliyi orqanlarından qadın əməkdaşları məlumat mübadiləsi üçün bir araya gətirərək, həm qurumlararası, həm də qurumdaxilində onların gündəlik vəzifələrinin icrasının səmərəliliyini artırmaqdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Şəfa Qasımova seminarın əhəmiyyətindən danışıb. Ş.Qasımova Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən MOBILAZE layihəsinin məqsədinin miqrasiya idarəçiliyi prosesinə töhfə vermək olduğunu bildirib. O qeyd edib ki, MOBİLAZE layihəsi bu ilin iyul ayında başa çatsa da, Azərbaycan tərəfi layihənin ikinci hissəsinin həyata keçirilməsində maraqlıdır. Ş.Qasımova dünyada miqrasiya proseslərinin iştirakçılarının təxminən yarısını qadınların təşkil etdiyini və bu baxımdan miqrasiya zamanı gender aspektlərinin nəzərə alınmasının önəmli olduğunu söyləyib.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Simona Gatti bildirib ki, MOBILAZE layihəsinin əsas tərəfdaşları XİN, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetidir. Qadınların miqrasiya idarəçiliyində roluna toxunan S.Gatti Azərbaycanda 10 min qadının Avropa İttifaqı layihələrindən faydalandığını qeyd edib.
Sonra seminarda Çexiyadan və Latviyadan olan ixtisaslaşmış ekspertlərin, həmçinin Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovsun çıxışları dinlənilib. Çıxışlarda miqrasiya sahəsində ölkələrimiz arasında əməkdaşlıq məsələləri, eləcə də bu proseslərdə qadınların iştirakının vacibliyindən bəhs olunub.