ELM VƏ TƏHSİL
Azərbaycanda hüquqi islahatlara innovativ yanaşma hər zaman diqqət mərkəzindədir
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması nəinki hüquq və qanunvericilik sahələrində aparılan islahatlara dəstək verəcək, ümumiyyətlə, ictimai həyatın bütün sahələrini əhatə edən demokratik islahatlara müsbət təsir edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.
O diqqətə çatdırıb ki, mərkəzin əsas məqsədi normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsidir. Həmçinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsindən ibarətdir. Mərkəzin fəaliyyətinin elmi təminatı, o cümlədən hüququn ayrı-ayrı sahələrinin müqayisəli tədqiqi, məcəllələrə, digər normativ hüquqi aktlara elmi və praktiki şərhlərin hazırlanması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun publik hüquqi şəxs qismində yeni yaradılan Mərkəzin tabeliyinə verilməklə yenidən təşkili aparılan islahatların elmi əsaslılığını təmin edəcək. Hüququn ayrı-ayrı sahələrinin təhlilinə, hüququn potensial inkişaf sahələrinin müəyyən edilməsi və həmin sahələr üzrə tənzimetmə modellərinə dair innovativ təkliflərin verilməsinə zəmin yaradacaq. Təsadüfi deyil ki, hüquqi boşluqların, qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək Mərkəzin fəaliyyət istiqamətlərindən biri kimi qeyd olunub. Məcəllələrin və digər normativ hüquqi aktların elmi-praktiki şərhlərin hazırlanmasını təşkil etmək onun vəzifələri sırasına daxil edilib.
Mərkəzin qarşısında elmi yanaşmanın təmin edilməsi məqsədilə hüquqi tədris və tədqiqlə məşğul olan bütün elmi müəssisələr və ali təhsil müəssisələri ilə əlaqələr yaratmaq, hüquq sahəsində peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək vəzifələri də qoyulub: “Düşünürəm ki, bu vəzifə ali təhsil müəssisələrinin elmi təfəkkürlü hüquqşünas kadrlarının hazırlanması ilə bağlı fəaliyyətinin keyfiyyət göstəricisinin yüksəlməsinə xidmət edəcək”.
Mərkəzin Nizamnaməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin, o cümlədən hüququn müxtəlif sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin ətraflı araşdırılaraq nəticəsi nəzərə alınmaqla, mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi kimi bir müddəanın nəzərdə tutulması insan hüquq və azadlıqlarının təminatı sahəsində fəaliyyətin daha səmərəli təşkilinə töhfə verəcək.
Milli və Azərbaycan dilinə tərcümə edilmiş beynəlxalq əhəmiyyətli elmi-hüquqi materialların elektron resurslarda yerləşdirilməməsi hüquqi tədqiqatların aparılmasında daim müəyyən problemlərin yaranmasına səbəb olub. Mərkəz tərəfindən həm elmi, həm təcrübi məqsədlər üçün hüquqi aktlardan, elmi-hüquqi materiallardan ibarət çoxfunksiyalı axtarış imkanını nəzərdə tutan elektron informasiya sisteminin yaradılması və həmin sistemin dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin xidmətinə təqdim olunması bu problemin müsbət həllinə imkan verəcək. Elektron mənbələrdən istifadəni hər bir Azərbaycan vətəndaşı üçün əlçatan edəcək və vətəndaş məmnunluğunun artmasına səbəb olacaq.
“Hüquqi islahatların keçirilməsi çoxşaxəli, çoxpilləli və uzunmüddətli bir prosesdir və qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, məhkəmə islahatlarına qədər geniş bir arealı əhatə edir. Əslində, ölkədə demokratik dövlət quruculuğu mütərəqqi hüquqi islahatların aparılması ilə başlayır və demokratik, hüquqi dövlətin bərqərar olmasında xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi-demokratik islahatların daha da dərinləşməsi 1993-cü ildən başlayaraq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq islahatları bu gün də vətəndaşların hüquqlarının təminatlı müdafiəsinə xidmət edir. Prezident İlham Əliyevin Fərmanı ilə “Hüquq Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” kimi mütərəqqi qurumun yaradılması ölkədə insan hüquq və azadlıqlarının təminatına yönəldilən böyük işin əhəmiyyətli hissəsidir və ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik hüquq islahatlar kursunun uğurlu davamının bariz nümunəsidir”, - deyə professor İsaxan Vəliyev vurğulayıb.