CƏMİYYƏT
“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin təqdimatı olub
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Fransanın sosial sahələrlə əlaqədar nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin KİV nümayəndələri üçün təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqı nümayəndəliyinin təmsilçisi Simona Qatti, layihənin benefisiar tərəfdən rəhbəri Aysel İbayeva və tvinninq layihəsinin daimi müşaviri Qediminas Çernaiauskas layihə haqqında məlumat verib, indiyə qədər görülən iş və nəticələrdən danışıblar.
Mərasimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Təşkilati quruluş və strateji vəzifələr, sığortalı şəxsin statusunun rəyini və sığortalı şəxslərin qeydiyyatı prosesinin müəyyənləşdirilməsi, o cümlədən tibbi sığorta haqlarına dair qanunvericiliyə və xərclərin bölüşdürülməsi siyasətinə dair təkliflər hazırlandığı barədə məlumat verilib. Həmçinin bildirilib ki, layihə müddətində icbari tibbi sığorta üzrə pilot layihənin qiymətləndirilməsi aparılıb və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanıb.
Layihə həyata keçirilərkən ölkəmizdə səhiyyə xərclərinin və dövlət səhiyyə gəlirlərinin ortamüddətli proqnozu, informasiya texnologiyaları sahəsində elektron səhiyyənin texniki quruluşu ilə əlaqədar nəzəri tərtibat barədə benefisiara tövsiyələr verilib.
Qeyd olunub ki, layihənin həyata keçirildiyi pilot bölgə olan Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tibbi xidmətlə təmin olunmaq üçün heç bir maneə ilə üzləşməyiblər. Tibb müəssisələrində xəstə qəbulu sayı təxminən 30 faiz yüksəlib. Bu göstəriciyə görə xidmətdən istifadə üzrə Avropa İttifaqı ölkələrinin standart səviyyəsi ilə ölkəmiz arasındakı fərqin xeyli azalmasına səbəb olub. Ötən il həmin bölgələrdə səhiyyə işçilərinin maaşı iki dəfə artıb və pilot bölgələrdə əhalinin əksəriyyəti səhiyyənin maliyyələşdirilməsi islahatlarını dəstəkləyir.
Layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması və tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanılması, əhalinin ehtiyacları və ölkənin səhiyyə sahəsində strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahəsində yeni təlimçilər qrupu hazırlanıb.
Təqdimatlardan sonra layihə tərəfdaşları tərəfindən jurnalistlərin sualları cavablandırılıb.