CƏMİYYƏT
Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətində Almaniyanın mümkün dəstəyi müzakirə olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann arasında görüş olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Vüqar Süleymanov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları, eləcə də istifadə edilən ən son texnoloji metod və vasitələrə dair məlumat verilib.
Görüş əsnasında Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Almaniya Federativ Respublikasının mümkün dəstəyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səfir Ralf Horlemann Qarabağda təhlükəsiz mühitin yaradılmasında ən böyük maneə olan mina probleminin həlli istiqamətində icra edilən genişmiqyaslı fəaliyyətdən və bərpa-quruculuq işlərinin gedişatından təsirləndiyini bildirib.