CƏMİYYƏT


Azərbaycanda ictimai-siyasi həyatda fərqlənən qadınlara mükafatlar təqdim olunub

Bakı, 4 may, Rauf Hacıyev, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasətindən danışıb, qadınların dövlətin ictimai-siyasi həyatında, cəmiyyətdə, o cümlədən ailədəki rolunu yüksək qiymətləndirib. Bildirib ki, son bir il bütün dünya, o cümlədən Azərbaycan xalqı üçün ciddi sınaq ili olub. 2019-cu ilin sonundan dünyanı cənginə alan pandemiya xalqları və dövlətləri ciddi sınaqlara məruz qoyub. Ötən dövrdə Azərbaycan pandemiya ilə mübarizə şəraitində yaşamış, təhlükəli virus ölkəmizdə 4500-dən çox insanın ölümünə səbəb olub.

Həmçinin Azərbaycan ötən il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün beynəlxalq hüquqa əsaslanaraq Vətən müharibəsinə başlayıb. Eyni zamanda, hər iki sınaqla mübarizə aparan Azərbaycan, pandemiya ilinin çətinliklərini yaşamaqla yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, o cümlədən şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Ermənistanın 30 illik işğalına son qoyub, Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycanın tarixi Zəfəri bir daha göstərib ki, istənilən məsələ dövlət-xalq-ordu həmrəyliyi və ümummilli iradə əsasında həllini tapa bilər.

Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev bəyan edib ki, indi Qafqazda Azərbaycanın üstünlüyü ilə yeni geosiyasi reallıq formalaşıb. Bölgənin siyasi konfiqurasiyasının əsas aktorlarından olan Azərbaycan dövlətinin əsas məqsədi bundan sonra bölgədə sülh və təhlükəsizliyi möhkəmləndirmək, ölkəmizi əməkdaşlıq platformasına çevirməkdir. Dövlətimizin başçısının Qafqazın gələcək inkişafı naminə söylədiyi fikirlər beynəlxalq miqyasda da müxtəlif təşkilatlar və dövlətlər tərəfindən rəğbətlə qarşılanıb.

Bahar Muradova qeyd edib ki, pandemiya dövrü Azərbaycan üçün qlobal çağırışlara uyğunlaşmaq, perspektivləri və yeni istiqamətləri müəyyənləşdirmək, xalqlar və dövlətlərarası münasibətləri təhlil etmək baxımından da mühüm olub. Məhz bu imkanları fürsətə çevirib inkişaf edən xalqlar və dövlətlər içərisində Azərbaycanın özünəməxsus yeri var.

Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən qlobal çağırışlara uyğun olaraq, demokratik prinsiplər əsasında inkişaf etdirilir. Bu gün respublikamızın ictimai-siyasi və mədəni həyatında fəaliyyət göstərən qadınlar, onların fərqli siyasi mənsubiyyəti bir daha göstərir ki, Azərbaycan uzun illər demokratik cəmiyyət qurmaq istiqamətində qarşıya qoyduğu məqsədlərə çatmaqdadır.

B. Muradova deyib ki, bu illər ərzində Azərbaycan vətəndaşları öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetiriblər. Bu vətəndaşlar içərisində isə Azərbaycan qadının özünəməxsus yeri vardır. Azərbaycan qadınları tarixən milli mənəvi və ailə dəyərlərinin qoruyucusu, nəsildən-nəslə ötürücüsü, Vətənə layiqli övladlar böyüdən, hörmət və ehtirama layiq varlıqdırlar. Azərbaycanda yaşayan, lakin fərqli millətləri təmsil edən qadınlar bir mədəniyyət və məqsəd ətrafında birləşərək ən yüksək mənəvi dəyərləri ölkəmizin ümumi inkişafına istiqamətləndirməyi bacarmışlar.

Tarixən Azərbaycanda qadınlara böyük hörmət və ehtiramın olduğunu, onların cəmiyyətdəki mövqeyi, ailədəki rolu yüksək qiymətləndirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra da qadınların elmi-mədəni və ictimai-siyasi həyatdakı rolu yüksək dəyərləndirilib, dövlətin və cəmiyyətin inkişafına töhfə verən qadınların fəaliyyəti dövlət mükafatlarına layiq görülüb.

Sonra Azərbaycan elminin, mədəniyyətinin inkişafında, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.

Tədbirin sonunda təltif edilmiş qadınlar onların cəmiyyətdə və dövlətin ictimai-siyasi həyatında oynadıqları roluna göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.