İQTİSADİYYAT
Azərbaycanda idxalın 27,2 faizi Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb
Bakı, 22 avqust, AZƏRTAC
2016-cı ilin yanvar-iyun aylarında ölkəyə idxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 14,1 faiz azalıb, MDB-yə üzv dövlətlərdən 2,9 faiz, digər ölkələrdən isə 17,3 faiz az məhsul idxal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın ümumi dəyərinin 27,2 faizi Avropa İttifaqı ölkələrinin, 24,3 faizi MDB-nin üzvü olan dövlətlərin, 48,5 faizi isə digər ölkələrin hesabına formalaşıb.
Xarici ticarət dövriyyəsinin 81,9 faizi İtaliya, Rusiya, Türkiyə, Almaniya, Fransa, Tayvan, ABŞ, Çin, Birləşmiş Krallıq, İsrail, Çexiya, Gürcüstan, Sinqapur, Yaponiya, Hindistan, Portuqaliya, Ukrayna, Norveç, Tailand, İsveçrə və Xorvatiya dövlətlərinin hesabına formalaşıb.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 13,0 faizi Türkiyənin, 6,4 faizi Çinin, 6,3 faizi Birləşmiş Krallığın, 6,1 faizi ABŞ-ın, 4,5 faizi İtaliyanın, 4,4 faizi Sinqapurun, 4,2 faizi Almaniyanın, 4,1 faizi Yaponiyanın, 3,0 faizi Ukraynanın, 2,8 faizi Norveçin, 1,8 faizi Fransanın, 1,7 faizi Braziliyanın, hər biri 1,6 faiz olmaqla İran və Qazaxıstanın, 1,2 faizi Xorvatiyanın, hər biri 1,1 faiz olmaqla Niderland və Avstriyanın, hər biri 1,0 faiz olmaqla Koreya və Birləşmiş Ərəb Əmirliklərinin, 14,7 faizi isə digər ölkələrin payına düşüb.