REGİONLAR


Azərbaycanda ilk dəfə Nar sərgi-satış yarmarkası keçirilib

Kürdəmir, 6 oktyabr, Adil Ağayev, AZƏRTAC

Oktyabrın 6-da Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda Nar sərgi-satış yarmarkası keçirilib. Yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, nar istehsalçıları ilə alıcılar arasında birbaşa münasibətlərin qurulmasına kömək etməkdir.

Yarmarkada Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Kənd Təsərrüfatı Nazirliyinin assosiasiyalarla iş şöbəsinin baş məsləhətçisi Sevda Məmmədli, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafına Dəstək layihəsinin mütəxəssisi Qabriel Alyias, Avropa Birliyinin Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək (STEP) layihəsinin rəhbəri Səbuhi Həsənov, Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada iştirak edən fermerlər və təchizatçılar öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı qazanıblar.

Nar sərgi-satış yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksək keyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci yer, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci yer, sabirabadlı fermer Polad Qasımov isə 3-cü yerə layiq görülüblər. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.

Bundan başqa, sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq sektoru üçün mühüm əhəmiyyət kəsb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanı qazanıblar. Burada fermerlər nar suyunun tərkibindəki şəkərin və turşuluğun miqdarının ölçülməsi xidmətlərindən pulsuz yararlanıblar.

Yarmarka çərçivəsində fermerlərə narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı seminar keçirilib. Tədbirdə narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Qeyd edək ki, yarmarka ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı (PSA) layihəsinin maliyyə dəstəyi və Avropa İttifaqının Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək (STEP) layihəsinin təşkilati dəstəyi ilə keçirilib.

Nar sərgi-satış yarmarkalarının digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.