MƏDƏNİYYƏT
Azərbaycanda ilk dəfə “Prodüser mərkəzi” yaradılıb VİDEO
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayının nəzdində “Prodüser mərkəzi” yaradılıb. Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasında əsas məqsəd 16-22 yaş arasında caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürməkdir.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək “Prodüser Mərkəzi” həmin gənclərin repertuarlarının hazırlanmasını, səs yazılışlarını, vokal dərslərini, səhnə hərəkətlərini, fitnes xidmətini, imic və stilistikasının formalaşmasını, klip çəkilişlərini, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakını təmin etməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər (050) 493-55-11 (WhatsApp , Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə videomaterialı aprelin 20-dək təqdim etməlidir.