REGİONLAR
Azərbaycanda ilk dəfə Qarabağ cins atları auksion vasitəsilə satılıb VİDEO
Qobustan, 15 aprel, H.Güləmirov, AZƏRTAC
Aprelin 15-də “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Azərbaycanda ilk dəfə olaraq Qarabağ cins atlarının auksion vasitəsilə satışı həyata keçirilib. Auksionda yerli təsərrüfat sahibləri, sahibkarlar və fermerlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılıb və satış auksion formatına uyğun olaraq keçirilib. Auksion dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv məlumat verilib.
Auksiona üç Qarabağ atı çıxarılıb. Adları “Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilib.
Auksionda atlardan “Sultan”ın ilkin qiyməti 30 min manat, “Sahil”in ilkin qiyməti 5 min manat, “Zilaxar”ın ilkin qiyməti isə 7 min manat olub. “Sahil” 5500 manata, “Zilaxar” isə 7500 manata satılıb və sığorta şirkəti tərəfindən sığortalanıb.
Növbəti mərhələdə Ağdam Atçılıq Zavodunda yetişdirilən “Kəndir”, “Şaban” və “Segah” adlı atların auksiona çıxarılması gözlənilir.
Qeyd edək ki, gələcəkdə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində yeri və xarici cins damazlıq heyvanların satışı davam etdiriləcək. Satışların təşkilində məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin olunur.