CƏMİYYƏT
Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Noyabrın 13-dən 15-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, ölkəmizdə ilk dəfə və onlayn formada reallaşdırılacaq tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlığın artırılması məsələlərinə toxunulacaq.
Tədbirin əsas məqsədi sırasında dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq işinə yönəltmək və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur.
Hakatonda iştirak etmək istəyənlər oktyabrın 15-dən noyabrın 10-dək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, tədbirin işçi dili ingilis dilidir və məlumat mübadiləsi müvafiq dildə aparılacaq.
Qeydiyyat üçün link: http://globaldeftech.com