REGİONLAR


Azərbaycanda ilk dəfə Saatlıda əkilən kinoa bitkisi sahəsindən yüksək çıxış alınıb VİDEO

Saatlı, 4 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycanda ilk dəfə Saatlı rayonunda əkilən kinoa bitkisi sahəsindən yüksək çıxış alınıb. “Bəşəriyyətin xilaskarı” adlandırılan bu bitki bölgə iqliminə uyğunlaşdığı üçün kütləvi şəkildə əkini planlaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yem bazasının daha da inkişaf etdirilməsi üçün qeyri-ənənəvi bitkilərin regionlara uyğunlaşdırmaqla sınaq əkini həyata keçirilir. Bu sahədə Əkinçilik və Elmi-Tədqiqat İnstitutunun alimləri həm yerli, həm də xarici sort toxumların pilot əkini üçün layihələr həyata keçirirlər. Saatlıda da bir neçə növ qeyri-ənənəvi bitkinin əkini aparılıb. Bunlar arasında ilk dəfə əkilən kinoa bitkisindən yüksək çıxış əldə olunub.

Əkinçilik və Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevil Abbasquliyeva deyir ki, kinoanın tərkibində yüksək protein var. Bu baxımından qida məhsulu kimi çox əhəmiyyətli bitkidir. Sınaq üçün darı, soya, sorqo, amarand və digər bitki toxumları da əkilib. Əsas diqqəti çəkən bitkilərdən biri də sorqodur. Sorqo əsasən quraqlığa dözümlü olması ilə seçilir. Bundan başqa, sınaqdan uğurlu çıxan bitkilərdən biri də amarandır. Yüksək məhsuldarlığı malikdir və yem kimi istifadə olunmaqla yanaşı, dərman preparatlarının hazırlanmasında da faydalıdır. Saatlı rayonu aran bölgəsi olduğu üçün burada əsasən susuzluğa və quraqlığa dözümlü bitki toxumları əkilib.

Sınaq əkini aparılan bitkilərin fermerlərə təqdimatı üçün nümayiş də keçirilib. Saatlı və ətraf rayondan olan təsərrüfat sahibləri dəvət olunaraq həmin bitkilərin əkilməsinin əhəmiyyətli tərəfləri onlara izah edilib. Fermerlər qeyri-ənənəvi bitkilərin üstün cəhətləri ilə tanış olublar.

Saatlıdan olan fermer Şahmurad İmanov bildirib ki, sınaq üçün əkilən bitkilər arasında darı da diqqətini çəkib. Kinoa və soya bitkisi də heyvandarlığın inkişafına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, adıçəkilən bitkilərin bölgələrə uyğunlaşdırılması üçün təkcə Saatlıda deyil, digər bölgələrdə - Tərtər, Beyləqan və Abşeronda da əkin həyata keçirilib. Hazırda həmin sahələrdə də müşahidələr aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.