REGİONLAR
Azərbaycanda ilk dəfə Sumqayıtda lift xidmətinin intellektual idarəetmə sistemi yaradılıb
Sumqayıt, 23 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda ölkəmizdə ilk dəfə olaraq lift xidmətinin intellektual idarəetmə sistemi yaradılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni yaradılmış lift xidmətinin intellektual idarəetmə mərkəzi ilə tanış olub. Məlumat verilib ki, bu istiqamətdə quraşdırma işləri ilk olaraq pilot layihə kimi şəhərin 18-ci mikrorayon ərazisində aparılıb, test-sınaq işləri müvəffəqiyyətlə başa çatdırılıb. 18-ci mikrorayon ərazisindəki hündürmərtəbəli yaşayış binalarındakı bütün liftlərin yeni sistemə qoşulması işləri yekunlaşıb və əhalinin istifadəsinə verilib.
Şəhər icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq yeni yaradılan intellektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa rabitə sisteminin (dinamik və mikrofon) vəziyyəti, kənar şəxslərin maşın zalına icazəsiz daxil olması, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş intellektual idarəetmə mərkəzinə ötürülür. Eləcə də liftin kabinəsi və maşın zalı ilə Mərkəzləşmiş Dispetçer Xidmətinin birbaşa danışıq əlaqəsi, liftin kabinəsində əvvəlcədən yazılmış mətnin səsləndirilməsi təmin edilir.
Hazırda Mərkəzləşmiş Dispetçer Xidməti sutka ərzində liftlərin fasiləsiz çalışmasını təmin edir. Liftlərdə baş verə biləcək hər hansı nasazlıqları aradan qaldırmaq üçün dispetçer, növbətçi mexaniklərdən ibarət qəza xidməti təşkil olunub və onlar avtomobillə təmin ediliblər.
Qeyd olunub ki, yeni elektron idarəetmə sisteminin fəaliyyəti nəticəsində sakinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, boş dayanmaların da qarşısı alınacaq.
Bildirilib ki, şəhərdə istismar müddəti başa çatmış 310 ədəd lift Prezident İlham Əliyevin ayırdığı vəsaitlər hesabına yeni elektron liftlərlə əvəzlənib və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Daha sonra Z.Fərəcov sakinlərlə görüşüb, şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, eləcə də perspektiv layihələrdən bəhs edib.
Görüşdə iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra sakinləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.