İDMAN
Azərbaycanda ilk dəfə keçiriləcək “Challenge Tour”da 156 dünya səviyyəli qolfçu mübarizə aparacaq VİDEO
Quba, 26 iyul (AZƏRTAC). Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyulun 31-də start veriləcək və 4 gün davam edəcək möhtəşəm qolf turniri Quba Milli Qolf Klubunda təşkil olunacaq.
Turnir 18 dəlikli “Stroke Play” formatında təqdim ediləcək. Yarışda “European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 156 oyunçu mübarizə aparacaq. Turnirə qatılan idmançılar İngiltərə, İsveç, Cənubi Afrika, Estoniya, Finlandiya, Fransa, Pakistan, Hindistan, İspaniya, Almaniya, Argentina və digər ölkələri təmsil edirlər.
Oyun yalnız peşəkar kişi qolfçular arasında keçirilir.
“European Challenge Tour”un rəhbərlik etdiyi mötəbər turnirin Azərbaycanda keçirilməsinin əsas məqsədi ölkəmizi beynəlxalq qolf aləminə təqdim etmək, bu idman növünün inkişafına zəmin yaratmaq, buraya dünya səviyyəli oyunçuları cəlb etməklə respublikamızı yeni qolf məkanı kimi tanıtmaqdan ibarətdir.
Turnirin mükafatlandırma mərasimi avqustun 3-də olacaq.
Azərbaycan Qolf Federasiyası bütün qolfsevərləri ölkəmizdə ilk dəfə təşkil olunacaq möhtəşəm “Challenge Tour”u izləməyə dəvət edir.
Turnirdə media nümayəndələrinin iştirakını təmin etmək məqsədilə xüsusi ayrılmış nəqliyyat vasitəsi iyulun 30-da saat 17-də “MARRİOTT ABSHERON” otelinin qarşısından Qubaya yola düşəcək. Əlaqə telefonu: (012 ) 499-86-86; 499-89-89