REGİONLAR
Azərbaycanda ilk dəfə olaraq dron vasitəsilə kimyəvi mübarizə aparılıb
Bakı, 24 iyul, AZƏRTAC
Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın aparıcı elmi işçisi Etibar İbrahimov və “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Zöhrab Qəribov tərəfindən həyata keçirilib.
Dronlar vasitəsi ilə kimyəvi mübarizə fermerlərin marağına səbəb olub.
Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bunu əsas gətirən mütəxəssislər bildiriblər ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.