CƏMİYYƏT
Azərbaycanda ilk dəfə olaraq transoral endoskopik tireoidektomiya əməliyyatı aparılıb VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq transoral endoskopik tireoidektomiya əməliyyatı aparılıb.
Hazırda dünyada digər sahələr kimi tibb də sürətlə inkişaf edir. Texnoloji inkişaf səhiyyəyə də öz töhfəsini verir. Bütün cərrahiyyə əməliyyatların minimal invaziv üsullarla icrasına başlanılıb. Yəni laporoskopik endoskopik əməliyyatlar həyata keçirilir. Demək olar ki, hər bir orqan üzərində belə cərrahi müdaxilə icra oluna bilir. Hazırkı əməliyyat transoral endoskopik tireoidektomiya, yəni ağız içindən zob əməliyyatı - izsiz tireoidektomiyadır. Ən inkişaf etmiş ölkələrdə belə yeni və çox az icra olunan bir əməliyyatdır. Ölkəmizdə səhiyyə, xüsusilə cərrahiyyə sürətlə inkişaf edir. Bu əməliyyat ölkəmizdə ilk dəfə olaraq aparıldı. Bununla da biz Azərbaycan səhiyyəsinin nə qədər çox inkişaf etdiyini göstərmək istədik.
AZƏRTAC xəbər verir ki, bu sözləri kütləvi informasiya vasitələrinə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov deyib.
O, həmçinin bildirib: “Artıq bütün cərrahi müdaxilələrdə insanları əməliyyatın daha çox estetik və az travmatik olması maraqlandırır. Transoral endoskopik tireoidektomiya estetik əməliyyatlardan biridir. Əməliyyat 35 yaşlı qadın üzərində həyata keçirildi. Klassik əməliyyat icra olunsaydı, onda çapıq izi qalacaqdı. Bu əməliyyat isə heç bir çapıq olmadan icra edilir. Sadəcə dodağın içərisində çapıq olur. Ağız hissəsi, xüsusilə dodaqlar tez sağalır. Ona görə də dodağın alt tərəfindən kəsiklər aparılır və əməliyyat icra olunur. Əvvəllər laporoskopik əməliyyatlar birmənalı qarşılanmırdı. Lakin belə cərrahi müdaxilə daha az ağrılı və travmatik olur, o cümlədən estetikdir. Açıq əməliyyatdan fərqli olaraq üstünlükləri çoxdur”.
Şöbə müdiri əməliyyatın icrası üçün dünyada məşhur mütəxəssislərin - Türkiyənin Ege Universitetinin professoru Özer Makay, həkim Murat Özdemirin dəvət edildiyini diqqətə çatdırıb. O, dünyada bu əməliyyatların Özer Makayın rəhbərliyi altında aparıldığını və gələcəkdə Azərbaycanda da sərbəst şəkildə həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.