İQTİSADİYYAT
Azərbaycanda ilk peşəkar sığorta terminləri lüğəti çapdan çıxmışdır
Bakı, 5 oktyabr (AZƏRTAC). Azərbaycanda ilk peşəkar sığorta terminləri lüğəti çapdan çıxmışdır.
Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Maliyyə Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkil etdikləri işçi qrupu tərəfindən hazırlanmış lüğət İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin maliyyə dəstəyi ilə nəşr edilmişdir.
Sığorta terminləri lüğətində sığorta əməliyyatlarının həyata keçirilməsi, xüsusən də sığorta müqavilələrinin bağlanması və icrası zamanı təcrübədə tez-tez rast gəlinən sığorta sahəsinə aid 100 terminin təfərrüatlı açıqlaması verilmişdir. Lüğətdə əks olunan hər bir terminin beynəlxalq təcrübədə hamı tərəfindən qəbul edilən anlayışı ilə yanaşı, sadə oxucu kütləsi tərəfindən asanlıqla başa düşülməsi üçün təcrübədə rast gəlinən hallarla bağlı müvafiq misallar və ya əlavə izahlar əks olunmuşdur.
Lüğətdə, eyni zamanda, terminin Azərbaycan qanunvericiliyinə daxil olan hansı normativ aktlarda və necə istifadə olunmasının, həmçinin digər ölkələrin qanunvericiliyindəki və ya beynəlxalq təcrübəyə aid digər mühüm sənədlərdəki anlayışına dair müddəalar da verilmişdir.