İQTİSADİYYAT


Azərbaycanda ilk üzvi gübrə zavodu tikilir

Bakı, 17 avqust, AZƏRTAC

"Səba" şirkəti üzvi (orqanik) gübrə zavodu tikintisinə başlayıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda ilk üzvi gübrə zavodu olacaq bu müəssisənin xammalı "Səba" quşlarının peyini olacaq. Üzvi gübrə zavodu Şabran rayonunda "Səba" quşçuluq müəssisəsinin yaxınlığında tikilir. Müəssisənin illik istehsal gücü 26 min ton olacaq. Hazır məhsul pərakəndə satış üçün 50 kiloqramlıq kisələrdə, iri fermer təsərrüfatları üçün 1 tonluq kisələrdə buraxılacaq.

Zavodda quş peyini minerallarla zənginləşdirilərək dənəvər şəkildə emal ediləcək. "Səba" quşları şirkətin Ağcabədi və Beyləqanda yerləşən tarlalarında becərilmiş qarğıdalı və soya ilə bəslənir. Quşların təbii qidası onların peyinlərinin ümumi təyinatlı üzvi gübrə kimi istehsalına imkan verir.

Yerli gübrə istehsalı ilə şirkət həm kənd təsərrüfatının inkişafına dəstək vermək, həm də istehsalat sahəsində tullantıdan səmərəli istifadə ilə ətraf mühitin mühafizəsinə nail olmaq niyyətindədir.

Kənd təsərrüfatında üzvi gübrələrin istifadəsi məhsulların ekoloji təmizliyinə zəmin yaradır və təbii inkişafına imkan verir. Əgər mineral gübrələr yalnız bitkinin qidalanmasına xidmət edirsə, orqanik gübrə həm bitkini lazımi qida ilə təmin edir, həm də torpağı qidalandırır, onun strukturunu qoruyur, mikroorqanizmlərlə zənginləşdirir.

Mineral gübrələrdən doğru istifadə etməmək bitkilərə və ən təhlükəlisi, insanlara zərər verə bilərsə, üzvi gübrələr belə təhlükə mənbəyi deyil. İstifadə üçün daha rahat və ətraf mühit üçün daha faydalı orqanik gübrə istər iri fermer təsərrüfatları, istərsə də, həyətyanı sahələr, bağ sahələri və istixanalara əvəzsiz qidalandırıcıdır.

"Biz əminik ki, yeni müəssisəmiz təbiətə və ölkəmizdə yetişdirilən məhsulların təbiiliyinə xidməti ilə "Səba"nın "Təbiətdən mətbəxə" zəncirində əsas yerlərdən birini tutacaq", – deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, məhsullarının təbiiliyi ilə bərabər, halallığına da zəmanət verən "Səba" şirkəti quş (toyuq) əti, süd məhsulları istehsalında ölkənin öndə gedən şirkətlərindədir. Quş əti istehsalında beynəlxalq GİMDES halal sertifikatına malik olan "Səba" Azərbaycanın dövlət halal standartını keçmiş ilk quş əti istehsalçısıdır. Bundan başqa, "Səba" Azərbaycanda ilk dəfə olaraq, süd məhsullarının halallığını yoxladaraq GIMDES sertifikatını alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.