CƏMİYYƏT


Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilməkdədir və bu istiqamətdə böyük nailiyyətlər qazanılıb. Ölkəmizin bu sahədə təcrübəsi digər dövlətlər üçün nümunədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 18-də Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliklərinin Aİ-nin insan alverinə qarşı mübarizə gününə həsr olunan tədbirində səsləndirilib.

Tədbir BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə imkanların artırılması” layihəsi çərçivəsində təşkil edilib. Məqsəd insan alveri və onun mənfi nəticələrinin ictimaiyyətin diqqətinə çatdırılması, Avropa İttifaqının insan alverinin aradan qaldırılmasına yönəlmiş strategiyası, cəmiyyətin həssas qruplarının və miqrantların fundamental hüquqları haqqında məlumatlılığın artırılmasıdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas insan alverinə qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. Qeyd edilib ki, belə problemlərin qarşısını almaq üçün səylər birləşdirilməli, əməkdaşlıq gücləndirilməlidir. Aİ-nin insan alverinə qarşı mübarizə günü 2007-ci ildən etibarən hər il oktyabrın 18-də qeyd olunur. Bununla əlaqədar bir çox ölkələrdə müxtəlif tədbirlər, “dəyirmi masa”lar, aksiyalar keçirilir. Məqsəd insan hüquqlarını müdafiə etmək və insan alverinin qarşısını almaqdır. Azərbaycanda həmin layihə 2016-cı ildən həyata keçirilir. Azərbaycan Hökuməti insan alveri qurbanlarının hüquqlarının müdafiəsi sahəsində səmərəli tədbirlər reallaşdırır.

Diqqətə çatdırılıb ki, Avropa İttifaqı bu cinayətlə mübarizə istiqamətində beşillik strategiya həyata keçirir. Strategiyada qırxa yaxın konkret addım nəzərdə tutulub. Azərbaycan götürdüyü öhdəliklərə uyğun olaraq həm qanunvericilik, həm də cinayət təqibi sahəsində fəal çıxış edir. Yeni layihə də cəmiyyətdə insan alverinin qarşısının alınmasına yönəlib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Avropada miqrant böhranına toxunaraq, miqrantların həyatlarının ciddi təhlükə altında qaldığını vurğulayıb. Qeyd edib ki, bu, ciddi narahatlığa səbəb olur və insan alverinə qarşı mübarizədə səylərin daha da gücləndirilməsini zəruri edir. Son on ildə aparılan təhlillər göstərir ki, 2014-2016-cı illərdə insan alveri ilə bağlı qeydə alınan cinayətlərin 77 faizi beynəlxalq transmilli xarakter daşıyıb. 2006-2016-cı illərdə BMqT tərəfindən 50 minə yaxın insana yardım edilib. Bu problemlərə qarşı mübarizə üçün davamlı strategiyalar hazırlanmalı, qurbanların müdafiəsi istiqamətində tədbirlər görülməlidir. Gələn il imzalanması nəzərdə tutulan təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt sənədi bunun üçün mühüm imkandır.

Serhan Aktoprak deyib ki, Azərbaycanda bu problemə qarşı ciddi tədbirlər görülür. Bu ilin iyulunda ümumdünya insan alverinə qarşı mübarizə günü ilə bağlı Azərbaycanda tədbirlər keçirilib, qlobal kompakt sənədi ilə əlaqədar müzakirələr aparılıb, təkliflər hazırlanıb. Azərbaycan hazırlıq prosesində çox fəal iştirak edib və bu sahədə təkliflərini ümumiləşdirərək BMqT-yə göndərib. Ümumiyyətlə, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər başqa ölkələr üçün nümunədir.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verib. O, beynəlxalq təşkilatların ölkəmizə tövsiyələrinin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib. Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazasının və maarifləndirmə sisteminin mövcud olduğunu diqqətə çatdıran Heydər Heydərov deyib: “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 12 ildən çoxdur ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. Ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməsinin əyani təsdiqi olaraq, bu sahədə BMT və Avropa Şurasının məlum konvensiyaları və protokolları ratifikasiya edilib. Həmçinin qanunvericilik təkmilləşdirilməklə insan alveri qurbanlarının milli istiqamətləndirmə mexanizmi çərçivəsində qəbul edilmiş 20-yə yaxın normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Cinayət tətbiqi sayəsində mübarizə tədbirləri yerinə yetirilib”.

Baş İdarənin rəisi qeyd edib ki, ölkəmizin insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq öhdəliklərə sadiq qalmasının bariz nümunəsi olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. İnsan alverinə dair beynəlxalq konvensiyalara əsasən milli qanunvericilik təkmilləşdirilib və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bu sahədə BMqT, Avropa İttifaqı və onların ölkəmizdəki nümayəndəlikləri, eləcə də digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq həyata keçirilir.

Əsas məruzələrdən sonra müzakirələrdə iştirak edən beynəlxalq və yerli ekspertlər insan alverinə qarşı mübarizə istiqamətində rəy və təkliflərini səsləndirib, bu sahədə qabaqcıl təcrübədən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.