SİYASƏT
Azərbaycanda insan amilinə dəyər dövlət siyasətinin əsasını təşkil edir
Bakı, 19 mart, AZƏRTAC
Günümüzün əsas müzakirə mövzusu olan koronavirus təhlükəsi ölkəmizdə səhiyyə sisteminin mövcud vəziyyətini, dövlətimizin bu sahənin inkişafına xidmət edən addımlarını və onların uğurlu nəticələrini bir daha nəzərdən keçirməyi zərurəti yaradır. Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu vəzifənin uğurlu icrası, ilk növbədə, regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəni aktuallaşdırdı, təsdiqlənən Dövlət proqramlarında insan amilinə dəyərdən irəli gələn addımlar və onların icra mexanizmləri öz əksini tapdı. Hazırda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların təhlükəsiz, sağlam şəraitdə yaşayışının təminatı dövlət siyasətinin əsasını təşkil edir. Regionların inkişafına dair proqramlarda əksini tapan müddəalardan biri sosial layihələrin tərkib hissəsi olaraq bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin inşa edilməsi və insanların istifadəsinə verilməsidir. Səhiyyə sistemində aparılan təkmil, ardıcıl islahatlar bu sahənin yeni, müasir mərhələyə qədəm qoymasına geniş imkanlar yaradır. Beynəlxalq standartlara cavab verən müasir xəstəxana və tibb ocaqları vətəndaşların sağlamlığının qorunmasını, onların müayinə-müalicə işini yüksək səviyyədə həyata keçirmələrini şərtləndirir. Göstərilən diqqət və qayğı, həmçinin həkim heyətinin daha səylə çalışmasına, vətəndaş məmnunluğunun artırılmasına öz töhfələrini verməsinə stimul yaradır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı ilə əlaqədar AZƏRTAC-a açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, hazırda dünya gündəmini zəbt edən koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi ölkəmizdə davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Daim belə çağırış edilir ki, hər kəs bu epidemiya ilə mübarizə aparmaq üçün profilaktik tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirməli, xəstəliyə yoluxmamaq üçün maarifləndirmə işinin daha da gücləndirilməsinə öz dəstəyini göstərməlidir. Ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, bütün fövqəladə hallarda ölkə vətəndaşlarının yanında olması böyük rəğbətlə qarşılanır. Sosial problemlər həll olunduqca, əhalinin rifah halı yüksəldikcə, insan amili öndə saxlanıldıqca vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə töhfəsini vermək üçün məsuliyyət hissini daha da artırır. Bu güvən, inam öz növbəsində dövlətlə vətəndaş arasında birlik, sarsılmaz bağlılıq yaradır.
V.Rəhimzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində ifadə edilən əminliyi bir daha diqqətə çatdırıb və deyib ki, ümumi səylər mütləq nəticə verəcək. Təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özümüzü və ətrafımızdakıları qorumağın əsas şərtləridir.
İnfeksiya ilə mübarizədə ön cəbhədə olan, Azərbaycan vətəndaşlarının sağlamlığının keşiyində dayanan, onların həyatını qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirən tibbi personala minnətdarlığını bildirən baş redaktor dövlətimizin başçısı İlham Əliyevin koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən Sərəncamını, ümumilikdə, ölkə səhiyyəsinin inkişafına, insanların sağlamlığına, bir sözlə, insan amilinə göstərilən diqqət və qayğının tərkib hissəsi kimi dəyərləndirib.
O xüsusi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri kimi dəyərləndirir. Hazırda Azərbaycan hökuməti ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.