SİYASƏT
Azərbaycanda insan haqlarının müdafiəsinə etibarlı təminat vardır
Ölkəmizdə yolüstü səfərdə olmuş Birləşmiş Millətlər Təşkilatı İnsan hüquqları üzrə Ali Komissarının müavini, BMT baş katibinin köməkçisi cənab Bertran Ramçaran respublikamızın ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Hüquqi dövlət quruculuğunda ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycanda Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar, insan hüquqlarının daha etibarlı təmin edilməsi üçün görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verən nazir ölkəmizin insan haqlarının qorunması sahəsində onlarca mühüm beynəlxalq konvensiyaya qoşulduğunu, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, ilk növbədə BMT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirmişdir.
Söhbət zamanı Azərbaycan hökuməti adından Ədliyyə Nazirliyi tərəfindən BMT ilə imzalanmış «İnsan hüquqlarının inkişaf etdirilməsi və müdafiəsi üzrə potensialın gücləndirilməsi və infrastrukturun yaradılması haqqında» layihə üzrə görülmüş işlərə toxunulmuş, müxtəlif seminarların, hüquq mühafizə orqanları əməkdaşları, o cümlədən polis işçiləri üçün treninqlərin təşkil edilməsi, metodiki vəsaitlərin nəşr olunması qeyd edilmişdir.
Qonaq ölkəmizdə aparılan demokratik, o cümlədən məhkəmə-hüquq islahatının müsbət nəticələrini və insan hüquqlarının qorunması ilə bağlı görülən işləri yüksək dəyərləndirərək, bunun Azərbaycanın demokratik prinsiplərə sadiqliyini bir daha nümayiş etdirdiyini bildirmiş, BMT ilə əməkdaşlığın dinamik inkişafını vurğulamışdır.
Azərbaycanın hüquq sistemində həyata keçirilən islahatlara xüsusi diqqət yetirən Bertran Ramçaran bu müsbət təcrübə haqqında daha ətraflı məlumatın alınmasına maraq göstərmiş, əməkdaşlığın davam etdirilməsinin, məhkəmə və prokurorluq işçiləri və digər hüquqşünaslar üçün hazırlanan xüsusi vəsaitlərin əhəmiyyətini bildirmişdir.
Söhbət zamanı hakimlər və digər hüquqşünaslar tərəfindən beynəlxalq hüquq normalarının öyrənilməsi ilə bağlı tədris məsələlərinə toxunulmuşdur. Qonaq Ədliyyə Nazirliyi tərəfindən bu sahəyə dair hazırlanmış və ona təqdim edilən metodiki vəsaitləri böyük maraqla qarşılamışdır.
Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Marko Borsotti, ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişlər.