REGİONLAR
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biridir
Ağcabədi, 3 iyun, AZƏRTAC
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikir laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində “İnsan hüquqları aylığı” ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə respublikamızda “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Ölkəmizin tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi sahəsində dünyaya nümunə olduğuna diqqəti çəkərək, insan hüquqları və azadlıqları üzrə əldə edilmiş nailiyyətlərdən bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edib və məhz bu tarix Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Elşən Quliyevin “Azərbaycan dövləti daim insan hüquqlarının təminatçısıdır” mövzusunda məruzəsi dinlənilib. Məruzə və çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasının Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri olduğu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.