CƏMİYYƏT


Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biridir

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biridir

Bakı, 19 may, AZƏRTAC

İnsan hüquqları hər bir demokratik dövlətin prioritet məsələsidir. Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ali məqsədlərindən biridir.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Ölkəmizdə həmin vaxtdan başlayaraq, ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı, həmçinin onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı həyata keçirilməyə başlanılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, ölüm hökmünün ləğvi, əfv institutunun tətbiqi və digər mühüm addımlar həm beynəlxalq təşkilatlar, həm hüquq müdafiəçiləri, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir. Əfv Sərəncamı hər il qəbul olunmaqla, yüzlərlə, minlərlə insanın azadlığa qovuşmasına səbəb olur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu humanist hadisə ənənə halına çevrilmişdir. Qeyd etmək lazımdır ki, hazırkı dövrə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanmışdır. Dövlətimizin başçısı İlham Əliyevin budəfəki Əfv Sərəncamı digərlərindən sayına, tərkibinə və kəmiyyətinə görə daha geniş oldu. Azərbaycanın tarixində ilk dəfə 801 nəfər əfv siyahısına düşdü. Bunlardan 463 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir. Həmçinin 220 nəfəri çəkilməmiş cəzalarının yarısından azad edildi. Bu gün 801 nəfər deyil, onların qohumları və yaxınları daxil olmaqla minlərlə insan sevindi.

“Ulu Öndərin 100 illiyi ərəfəsində belə bir qərarın qəbul edilməsi müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmişəyaşar əziz xatirəsinə olan dərin hörmət və ehtiramdan irəli gəlir. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsini, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirilməsinin bariz nümunəsidir. Bu humanist addım, azad olunacaq, əfv ediləcək şəxslərə yaxşı və rəvan həyat qurmaq, bir vətəndaş kimi ölkəmizin inkişafına öz töhfələrini vermək üçün yeni imkan yaradır. İnanırıq ki, onlar bu fürsətdən səmərəli istifadə edəcəklər”, - deyə Hicran Hüseynova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.