İQTİSADİYYAT
Azərbaycanda iqtisadi artım üçün böyük potensial var - Açıqlama


Bakı, 31 may, AZƏRTAC
Azərbaycanda iqtisadi artım üçün böyük potensial var. Dövlətimizin iqtisadi sahədə apardığı islahatlar kursu Azərbaycanda iqtisadi artım potensialının yüksələn xətt üzrə artmasına səbəb olur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Tural İsmayılov bildirib.
STM təmsilçisi qeyd edib ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı hesabatlarında iqtisadi artımı hər zaman yüksək qiymətləndirib: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən milli prioritetlərlə bağlı Sərəncamın verilməsi bu sahədə inkişafı qarşıya məqsəd qoyur. Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar dövlətin bu sahədə rasional və kifayət qədər doğru siyasi xətti respublikada dövlət büdcəsində yeni daxilolmalara səbəb olur ki, bunlar da daha sonra sosial islahatlara və əhalinin güzəranının yaxşılaşmasına xidmət edir”.
Ölkəmizdə hazırda iqtisadi sahədə ciddi islahatların həyata keçirildiyini vurğulayan T.İsmayılov, eyni zamanda 4-cü sənaye inqilabı ilə bağlı mühüm tədbirlərin görüldüyünü, mühüm texnoparkların yaradıldığını diqqətə çatdırıb.
T.İsmayılov, Azərbaycanda azad iqtisadi zonalarda iqtisadi artım potensialına dövlətin göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olduğunu deyib: “Həmçinin Dünya Bankı da Azərbaycanda iqtisadi artımın daim davam edəcəyi ilə bağlı ciddi proqnozlar verir və bu proqnozlar beynəlxalq valyuta fondunun bu səpgidə olan proqnozları ilə üst-üstə düşür. Nəzərə almaq lazımdır ki, BMT-nin proqnozlarında da Azərbaycanda əhalinin artıq 2030-cu ildə yarım milyon nəfərə qədər artımı nəzərdə tutulur. Bu sahədə dövlətin iqtisadi artımı ilə bağlı planları bu proqnozlara doğru yönəlmiş addımlardır”.