REGİONLAR
Azərbaycanda iqtisadi və sosial islahatlar insan hüquqlarının müdafiəsinə mühüm töhfələr verir VİDEO
Xaçmaz, 5 iyul, Elxan Yusifli, AZƏRTAC
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı şimal rayonlarında ictimai dinləmələr keçirir.
AZƏRTAC xəbər verir ki, ombudsman Elmira Süleymanovanın iştirakı ilə növbəti ictimai dinləmə iyulun 5-də Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunub.
Əvvəlcə müvəkkil və rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tədbir iştirakçılarına MFP-yə uyğun olaraq vətəndaşların hüquqlarının təmini istiqamətində və rayonun inkişafı ilə əlaqədar görülən işlər barədə məlumat verib.
MFP-nin icrası, təbliği və tətbiqi vəziyyətinə dair məruzə ilə çıxış edən ombudsman Elmira Süleymanova ölkəmizdə yeni və davamlı inkişaf mərhələsində əhalinin maraqlarına xidmət edən mühüm işlərin geniş vüsət aldığını, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyini vurğulayıb. Azərbaycanda insan hüquqları sahəsində qəbul olunmuş, strateji əhəmiyyət daşıyan üç mühüm sənəd haqqında danışan müvəkkil dövlət müstəqilliyinin ilk illərindən ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, Milli Fəaliyyət Proqramının fəsilləri üzrə mövcud təcrübə, Ombudsman təsisatının fəaliyyəti haqqında məlumat verib.
Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan ombudsman vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından “ASAN xidmət” mərkəzlərinin və səyyar qrupların uğurlu fəaliyyətini nümunə göstərib.
Ombudsman müzakirələr zamanı verilən təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini qeyd edib.
Hüquq mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV nümayəndələrinin, ağsaqqalların, qadınların və gənclərin iştirak etdikləri dinləmələr ötən gün Quba və Qusar rayonlarında da təşkil olunub.
Növbəti ictimai dinləmələr Şabran rayonunda keçiriləcək.