İQTİSADİYYAT


Azərbaycanda irihəcmli verilənlər sahəsində fəaliyyət genişləndiriləcək

Bakı, 18 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC

Ölkəmizdə rəqəmli texnologiyaların geniş tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən Data mərkəzlərin yaradılması, məlumatların emalı sahəsində süni intellekt texnologiyalarının istifadəsi və kadr hazırlığı sahəsində addımlar atılır və atılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini qeyd edib ki, yaxın zamanlarda irihəcmli verilənlər sahəsində fəaliyyət genişləndiriləcək: “2015-ci ildən ölkəmizdə açıq məlumatlar portalı fəaliyyət göstərir (https://www.opendata.az). Bu mənbədə 11 kateqoriya üzrə 9 dövlət qurumunun 650-dan çox açıq məlumat yerləşdirilib və onun əsasında artıq bir çox tətbiqlər hazırlanıb. Güman edirik ki, sayları çoxalmaqda olan startaplarımız bu sahəyə daha da geniş diqqət verəcəklər”.

“Nazirliyin tabeliyində fəaliyyət göstərən TIER III səviyyəli Data Mərkəz də öz imkanları və xidmətləri ilə ölkədə irihəcmli verilənlərin toplanılmasına və emalına öz töhfəsini verə bilər. Nəzərə almaq lazımdır ki, irihəcmli verilənlərin emalı yüksəkdəyərli qabaqcıl texnologiyaların tətbiqini, həmçinin yüksək ixtisaslı kadrlar tələb edir. Bu imkanlardan istifadənin təşkili üçün isə xidmət provayderləri yarana bilər və data xidmətləri göstərə bilər. Bu sahənin yaxın zamanda inkişafı gözləniləndir. Dövlət idarəçiliyində “Hökumət buludu”nun təşkili də həm Data Mərkəzin imkanlarından səmərəli istifadəyə, həmçinin qərarların qəbul edilməsi üçün dövlət informasiya sistemlərindəki məlumatlardan faydalı istifadəyə təsir edəcək. Əlbəttə ki, bu proseslərin aparılması üçün müvafiq hüquqi bazanın təkmilləşdirilməsi də zəruridir. Burada əsas diqqət məlumatların konfidensiallığının qorunması, fərdi məlumatların mühafizəsi, məlumatların emalı zamanı etik normaların gözlənilməsi və digər hüquqi məsələlərə yönəlməlidir”, - deyə E.Vəlizadə qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.