CƏMİYYƏT
Azərbaycanda işləyən qadınlar arasında 31-40 yaşlarında olanlar üstünlük təşkil edir
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycanda bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44 faizi qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, altsistemin məlumatlarına görə, əmək müqaviləsi əsasında işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46 faizi, ümumi təhsilli şəxslərin 37 faizi, orta ixtisas təhsilli şəxslərin 55 faizi, ilk peşə-ixtisas təhsilli şəxslərin 24 faizi qadınlardan ibarətdir.
“Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16 faizi 16-30 yaşlarında, 27 faizi 31-40 yaşlarında, 23 faizi 41-50 yaşlarında, 24 faizi 51-60 yaşlarında, 10 faizi isə 61 yaşdan yuxarı olanlardır.