CƏMİYYƏT
Azərbaycanda koronavirusun ştamları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur VİDEO
Bakı, 6 may, AZƏRTAC
Dünyada koronavirusa yoluxanların sayı 155 milyonu, bu xəstəlikdən ölənlərin sayı 3 milyonu ötüb. Dünyada gündəlik 800 mindən çox yeni yoluxma qeydə alınır. Son zamanlar hər kəsi narahat edən məlumatlar Hindistandan daxil olur. Dünyada ən çox yoluxma halları ABŞ, Hindistan və Braziliyada qeydə alınır.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
"Lakin son həftələr Hindistan koronavirusa görə daha çox gündəmdədir. Biz bunu narahatlıqla izləyirik. Həmin ölkədə hər gün yeni yoluxma və ölüm hallarında rekordlar müşahidə olunur. Bu istiqamətdə mutasiyalar çox müzakirə olunur. Rəsmi olaraq Hindistanda COVID-19-un yeni ştamı təsdiq olunub. Hindistan ştamının xəstəliyin gedişatına, ağırlıq dərəcəsinə təsiri haqqında rəsmi araşdırmalara əsaslanmış məlumatlar yoxdur. Azərbaycanda bu cür testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur. Yeni məlumatlar olduğu zaman ictimaiyyətə açıqlanacaq" ,- deyə Y.Qarayeva bildirib.