CƏMİYYƏT


Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə ÜST-nin missiyası öz işini yekunlaşdırıb

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş qərargahının texniki ekspertlərindən ibarət missiyasının Azərbaycana beşgünlük səfəri başa çatıb.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-nin baş direktoruna rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-nin baş qərargahından Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov və həmin şöbənin əməkdaşı Xiao Hong Li daxil olmaqla ÜST-nin sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.

Missiyanın məqsədi Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün hazırlanmış sənədləri nəzərdən keçirmək və ehtiyac olarsa, təkmilləşdirilməsi üzrə texniki məsləhətlər vermək, malyariyanın ölkədə yenidən yayılmasının qarşısının alınması üçün mövcud proqramı qiymətləndirmək, o cümlədən əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfərlər etmək, habelə Azərbaycanda sertifikatlaşdırma prosesinin vaxt qrafiki ilə bağlı Səhiyyə Nazirliyi ilə müzakirə və konsensus əldə etmək olub.

Səfər zamanı missiya üzvləri mərkəzi və regional səviyyələrdə səhiyyə qurumları ilə bir sıra görüşlər keçiriblər. Ekspertlər Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətlərinin epidemioloji nəzarət bölmələrinin nümayəndələri ilə görüşüb, Qax, Şəki və Sabirabad rayonlarına sahə ziyarətləri ediblər.

Malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması ÜST tərəfindən ölkənin malyariyadan azad statusunun rəsmi tanınmasıdır. ÜST bu sertifikatı bütün malyariya parazitlərinin yerli ötürülmə zəncirinin ən azı son 3 ardıcıl il müddətində ölkə daxilində kəsilməsi və yoluxmanın qarşısını ala biləcək tam funksional nəzarət və cavab sisteminin mövcudluğuna dair sübutlar olduqda ölkəyə verir.

Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması 2022-ci il üçün planlaşdırılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.