CƏMİYYƏT
Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışı məqsədilə yeni layihəyə başlanılıb
Şuşa, 7 fevral, AZƏRTAC
Azərbaycan hökuməti regionda sülh və təhlükəsizlik prinsiplərinə sadiq qalaraq, beynəlxalq tərəfdaşlar, vətəndaş cəmiyyəti və donor təşkilatlarla əməkdaşlığını davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov söyləyib.
O qeyd edib ki, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb. Bu layihə ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və davamlı şəkildə qayıdışının təmini, o cümlədən ANAMA-nın potensialının artırılması, bilik və bacarıqlarının gücləndirilməsi, minalarla mübarizədə gender əsaslı fəaliyyətlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“İnanırıq ki, mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq tərəfdaşların səyləri və həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə əməkdaşlıq, ərazilərin təhlükəsiz bərpası və yenidən qurulmasına, o cümlədən uzun illər ərzində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin dinc yolla geri qayıtmasına yardım edəcəkdir”, - deyə ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov qeyd edib.