CƏMİYYƏT


Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihəyə dair müzakirələr aparılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri ilə görüş olub. Görüşdə GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirməyi planlaşdırdığı layihə müzakirə edilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədrinin müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərlə iş üzrə dövlət siyasətinin əsas istiqamətləri barədə qonaqlara məlumat verib. Bildirilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin, sosial təminatının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bununla belə, Ermənistanın təcavüzü və Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında beynəlxalq təşkilatların dəstəyi mühüm əhəmiyyət kəsb edir.

Komitə sədrinin müavini GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı gördüyü işlərə görə təşəkkürünü bildirib. Layihənin növbəti mərhələsinin işğaldan azad olunacaq ərazilərdə gerçəkləşdiriləcəyinə inam ifadə olunub.

GİZ-in nümayəndələri Dövlət Komitəsi ilə əməkdaşlıqdan razılıq edib, məcburi köçkün gənclərin və qadınların, həmçinin onların mənsub olduqları icmaların həyat keyfiyyətinin yaxşılaşdırılmasında layihənin təsirli rol oynayacağını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda və Gürcüstanda icra edilməsi nəzərdə tutulan layihə Cənubi Qafqazda məskunlaşmış məcburi köçkün və aztəminatlı əhalinin maddi rifahının yüksəldilməsinə yardım etmək məqsədi daşıyır. Layihənin büdcəsi 6 milyon avro təşkil edir. Layihə çərçivəsində şəxsi inkişaf, peşə təhsili üzrə qısamüddətli kurslar, sahibkarlıq və konkret sahələr üzrə 6-7 aylıq treninqlər keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.