ELM VƏ TƏHSİL


Azərbaycanda mədən sahəsinin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir

Bakı, 6 iyul, AZƏRTAC

Sonuncu yüzilliklərdə metal, xüsusilə polad istehsalı XIX əsrin ortalarından sürətlə inkişaf etməyə başlayıb. Hansı ölkələrdə metal istehsalı inkişaf edibsə, orada elm və digər istehsal sahələri də tərəqqi dövrünü yaşayıb, beləliklə həm iqtisadi, həm hərbi, həm də mədəni cəhətdən irəliləyişə nail olunub. Metallurgiya digər sənaye sahələrinin - maşınqayırma, cihazqayırma, avtomobilqayırma, energetika, eləcə də məişət texnikasının inkişafına müsbət təsir göstərir. Təsadüfi deyil ki, dünyanın ən iri ölkələrinin məhz metal istehsalı, metal emalı sənayeləri kifayət qədər güclüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Texniki Universitetinin elm və innovasiya üzrə prorektoru Sübhan Namazovun “Azərbaycanda mədən sahəsinin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.

Metallurgiyanın yaranma tarixi

Azərbaycanda metallurgiyanın inkişafının qədim tarixi ənənələri var. Naxçıvan çayı vadisində yerləşən I Kültəpədə, II Kültəpədə, eləcə də Şərurdakı Maxta yaşayış yerində aparılmış arxeoloji tədqiqatların nəticələri Kür-Araz mədəniyyətinin özündən əvvəlki yerli eneolit mədəniyyəti əsasında inkişaf tapdığını sübut edir. Naxçıvanda zəngin mis və arsen yataqlarının olması burada qədim metallurgiyanın çox erkən inkişaf etməsinə zəmin yaradıb. İlk Tunc dövründə (eramızdan əvvəl IV-III minilliklərdə) Naxçıvanla Yaxın Şərqin və Cənubi Qafqazın mədəniyyət mərkəzləri arasında sıx iqtisadi, mədəni əlaqələr olub. Eramızdan əvvəl II minillikdə - Tunc dövrünün orta və son inkişaf mərhələlərində Naxçıvan tayfaları yeni həyat tərzinə qədəm qoyublar. Eramızdan əvvəl III minilliyin sonu və II minilliyin əvvəllərində bu diyarda, eləcə də Azərbaycanın bir çox cənub regionlarında metallurgiyanın, dulusçuluğun və sənətkarlığın əksər növlərinin intensiv inkişafı sosial-iqtisadi və mədəni yüksəlişə böyük təkan verib. Burada Tunc dövrünün inkişaf etmiş çağlarında güclü tayfa ittifaqları yaranıb.

Dünyada texnika və texnologiyanın inkişafı son iki yüzillikdə əsasən metal istehsalından, metal texnologiyasının inkişafından asılı olub. Bu asılılıq metal materiallarının spesifik xassələrinin olması ilə əlaqədardır. İnsan cəmiyyəti yaranandan metal və metal məmulatlara ehtiyac olub. Tarixi mənbələrdə göstərilir ki, hələ eramızdan təxminən 5000 il əvvəl təbii qızıl və misin alınması, istismarı həyata keçirilib. Lakin həmin dövrlərdə belə metallar, sözsüz ki, yalnız bəzək əşyaları üçün istifadə edilib. Tarixi mənbələr, eyni zamanda, eramızdan 2800 il əvvəl dəmirin əridilməsi ilə bağlı məlumatların olmasını təsdiqləyir və həmin texnologiyanın sirlərinin Misir fironu Tutanxamona mənsub olması göstərilir. Həmin sənədlər hələ o dövrlərdə metal istehsalının hər bir dövlət üçün nə qədər mühüm əhəmiyyət daşıdığını müəyyən edir.

Azərbaycan Texniki Universiteti respublikada mühəndis-metallurq kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir

Ağır sənaye sahələrinin, xüsusilə metallurgiya sənayesinin inkişafı metallurq kadrların hazırlığından əsaslı şəkildə asılıdır. Odur ki, metallurgiyanın Azərbaycan sənayesində və iqtisadiyyatında rolu, bugünkü vəziyyəti və inkişaf perspektivləri, kadr hazırlığında qarşıda duran vəzifələr hazırda respublikada yeganə mühəndis-metallurq kadrların hazırlanmasını həyata keçirən universitet olan AzTU-nun daim diqqət mərkəzindədir.

Mühəndis kadrlarının hazırlığı ölkələrin, xüsusilə sənaye ölkələrinin dinamik inkişafı üçün ciddi prioritet təşkil edir. Azərbaycanda sənaye və istehsalat sahələrinin spektri kifayət qədər geniş olduğu üçün mühəndis kadrların hazırlığı ciddi şəkildə diqqət mərkəzində olmalıdır. Dünyanın inkişaf tendensiyası da gələcəkdə mühəndis kadrlara ehtiyacın artmasını birmənalı şəkildə təsdiq edir. Bu baxımdan metallurgiya sahəsinin müstəsna əhəmiyyəti var. Belə ki, bu sahənin inkişafı digər sənaye sahələrinin inkişafına vəsilə olur.

Azərbaycanda metallurgiya sektorunun inkişafı ali məktəblər qarşısında yeni vəzifələr qoyur

Azərbaycanda son dövrlər sənayeləşmənin yeni inkişaf mərhələsinə qədəm qoyması, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən islahatlar ali məktəblərin qarşısında yeni trendləri gündəmə gətirib. Ölkəmizdə mədən sənayesinin, xüsusilə dağ-mədən işlərinin inkişafı sahəsində əsaslı layihələr həyata keçirilməkdədir. Bu istiqamətdə “AzerGold” QSC-nin uğurlu fəaliyyəti, əlvan metal filizləri ilə zəngin yataqların işlənməsi istiqamətində planlar gələcəkdə metallurgiya, maşınqayırma və həmçinin Azərbaycan üçün prioritet olan müdafiə sənayesi sahələrinin inkişafına ciddi töhfə verə bilər. Respublikamızda ciddi texnoloji ənənələrə malik olan Daşkəsəndə dağ-mədən işlərinin yenidən canlandırılması, “Çovdar” qızıl yatağının intensiv olaraq fəaliyyəti, qara metal filiz yataqlarının işlənməsi üçün lazımi işlərin başlanılması, işğaldan azad olunan ərazilərin faydalı qazıntılarla zənginliyi, xüsusilə Kəlbəcərin “Zod”, Zəngilanın Vejnəli qızıl yataqlarının mövcudluğu, Azərbaycanda zəngin polimetal filiz yataqlarının mövcudluğu, məsələn, Filizçay yatağı, ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq olması (bu yataq dünya polimetal yataqlarının ilk onluğuna daxildir və qızıl, gümüş, mis, sink və qurğuşundan ibarət yataq ehtiyatları 120 milyon tondan artıqdır), dəmir filizindən birbaşa reduksiyaetmə yolu ilə polad bişirmə texnologiyasının tətbiqi istiqamətində aparılan işlər və s. AzTU-da mədən və metallurgiya mühəndisliyi istiqamətində mütəxəssis hazırlığının yeni mərhələyə keçməsini şərtləndirən amillərdən sayıla bilər.

Beynəlxalq standartlar səviyyəsində kadr hazırlığı AzTU-da prioritetdir

Azərbaycan Texniki Universiteti bu sahədə mütəxəssis hazırlığını gücləndirmək və müasir dövrün tələblərinə uyğunlaşmaq məqsədilə Türkiyənin, Almaniyanın ali məktəbləri ilə ciddi əməkdaşlıq əlaqələri yaratmaqdadır. Mədən mühəndisliyi, metallurgiya, materiallar mühəndisliyi sahəsində Türkiyədə və dünyada özünəməxsus yeri və xüsusi çəkisi olan İstanbul Texniki Universiteti, həmçinin Yıldız Texniki Universiteti, Qazi Universiteti, müxtəlif elm və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələr fonunda tələbə, müəllim mübadiləsi birgə araşdırmaların aparılması uğurla davam etdirilir. AzTU-da ali təhsilli mütəxəssis hazırlığının keyfiyyətinin artırılması məqsədilə praktik əhəmiyyətli elmi-tədqiqat işlərinin inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.