CƏMİYYƏT
Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması region ölkələri arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək
Bakı, 4 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovla Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev arasında “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində onlayn görüş keçirilib.
DMX-dən AZƏRTAC-a verilən məlumata görə, Vüsal Hüseynov bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun zəfər çalması xalqımızın şərəf salnaməsi olaraq tarixə qızıl hərflərlə həkk olunub. Allahdan şəhidlərimizə rəhmət diləyən xidmət rəisi müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalan hərbçilərimizin bu gün anım günü olduğunu, şəhidlərimizin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını diqqətə çatdırıb.
V.Hüseynov Regional Təlim Mərkəzinin yaradılması üzrə “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsinin DMX ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında mövcud olan əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirib. Layihənin region daxilində və xaricində miqrasiya sahəsində təhsil və təlim imkanlarının gücləndirilməsi baxımından səmərəli platforma olacağını söyləyib və Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasında BMqT-nin dəstəyini yüksək qiymətləndirib.
Qeyd edib ki, DMX ilə BMqT-nin birgə səmərəli əməkdaşlığı çərçivəsində Azərbaycanda son illər miqrantların hüquqlarının qorunması, miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi və institusional bacarıqlarının artırılması sahəsində görülən işlər iki qurum arasında mövcud əməkdaşlığın ən yüksək səviyyədə olduğunu göstərir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorgiyev və təşkilat üzvləri şəhidlərimizin ruhuna ehtiramlarını ifadə ediblər. Sonra V.Qyorgiyev diqqətə çatdırıb ki, layihə iki qurum arasında əlaqələrin inkişafına və region ölkələri arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsində mühüm töhfə verəcək.
Görüşdə layihə ətrafında və miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.