CƏMİYYƏT
“Azərbaycanda multikulturalizm dövlət siyasətidir”
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə “Azərbaycanda multikulturalizm dövlət siyasətidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Hüseynov iştirak ediblər.
Əvvəlcə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizin 25 illik müstəqillik tarixi barədə məlumat verib. O, 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayaraq deyib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycana yeni nəfəs gətirib.
Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən danışan icra başçısı diqqətə çatdırıb ki, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri, müxtəlif dinlərə mənsub olan vətəndaşlar respublikamızın inkişafı üçün birgə səy göstərirlər.
Daha sonra Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Hüseynov çıxış edərək xalqımızın müstəqillik uğrunda apardıqları mübarizədən, Azərbaycanın hərtərəfli inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycan iqtisadiyyat, hərbi quruculuq, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi və s. sahələrdə böyük uğurlar əldə edib. Bu gün Azərbaycan, eyni zamanda, tolerantlıq və dini dözümlülük baxımından da bütün dünyaya nümunə göstərilir.