CƏMİYYƏT


Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində məqsədyönlü tədbirlər görülür

Bakı, 16 oktyabr, AZƏRTAC 

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2, 5 və 8 saylı tam orta məktəblərində “Narkotiklərə “yox” deyək!”, “Erkən nikahın fəsadları” və “Dini radikalizm və ekstremizm” mövzularında maarifləndirmə tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məmməd Hüseynov görüşlərdə çıxış edərək narkomaniyanın zərərli təsir və fəsadlarından danışaraq, narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq və zorakılıq halları üçün münbit zəmin yaradan mühüm amillərdən biri kimi qiymətləndirib, onun yeniyetmə və gəncləri təhsil, təlim-tərbiyə, ictimai proseslərdən uzaqlaşdırdığını, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən mənfi faktora çevrildiyini vurğulayıb. O, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirildiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, həmçinin qabaqlayıcı profilaktik tədbirlərin, xüsusən antinarkotik təbliğatın daha da gücləndirildiyini bildirib.

Şöbə rəisi erkən nikah və onun fəsadları barəsində məktəblilərə ətraflı məlumat verərək, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini onların təhsil alaraq cəmiyyətin layiqli üzvlərinə çevilmələrinə, bir fərd kimi inkişaflarına mane olduğunu, o cümlədən psixologiyalarına mənfi təsir göstərdiyini, gələcəkləri üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib.

Dini radikalizm mövzusuna toxunan M.Hüseynov ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını bildirib, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduqları barədə məktəbliləri xəbərdar edib, onlara destruktiv qüvvələrin zərərli fikirlərindən və təsirindən uzaq olmağı, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi tövsiyə edib.

Görüşlərin sonunda narkomaniyanın ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirlərdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları, məktəblərin pedaqoji kollektivləri və şagirdləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.