İQTİSADİYYAT
Azərbaycanda nəhəng potensial var və yerli bazar bizim üçün müəyyən perspektivlər yaradır
Bakı, 5 iyun (AZƏRTAC). “Caspian Power-2013” sərgisində biz, ilk növbədə, elektrik sayğacları, elektrik enerjisinin kommersiya uçotu üzrə avtomatlaşdırılmış məlumat təhlili sistemləri və sayğacların yoxlanması, sazlanması və tənzimlənməsi üçün metroloji avadanlıqlardan ibarət yeni məhsullar təqdim edirik.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən III Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin (“Caspian Power-2013”) iştirakçısı olan Rusiyanın “Enerqomera” şirkətində marketinq şöbəsinin aparıcı mütəxəssisi Vyaçeslav Lebedev demişdir.
O qeyd etmişdir ki, “Enerqomera” şirkəti elektrik enerjisinin qeydiyyatı üçün cihaz və sistemlərin istehsalı sahəsində Rusiya bazarının liderdir. Şirkətin strukturuna elektrotexniki cihazlar üzrə ixtisaslaşan dörd zavod, o cümlədən şirkətə məxsus elektron cihazqayırma institutu daxildir. Biz hər il üç milyondan çox sayğac istehsal edirik.
Azərbaycanda nəhəng potensial var və yerli bazar bizim üçün müəyyən perspektivlər yaradır. Biz çoxdandır ki, sizin nümayəndələrlə əməkdaşlıq edir, enerji şirkətlərinə sayğaclar satır, habelə elektrik enerjisinin kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlərin tətbiqində iştirak etməyi planlaşdırırıq. Təkliflərimiz arasında öz məhsullarımız da var. Belə ki, biz elektrik enerjisi uçotu üçün proqram və texniki vasitələrin tam çeşidini istehsal edirik. Burada geniş fəaliyyət üçün münbit şərait var, üstəlik “Azərenerji” şirkəti də bizim çoxdankı tərəfdaşımızdır.
Biz bu sərgidə ilk dəfə iştirak edirik və ümidvarıq ki, burada yeni işgüzar əlaqələr quraraq biznes tərəfdaşlarımızın sayını artıra biləcəyik. Bu isə müsbət nəticə əldə etməyimizə öz təsirini göstərəcəkdir.