REGİONLAR
Azərbaycanda olan diaspor nümayəndələri Şuşaya yola düşüblər
Bakı, 27 iyul, AZƏRTAC
Sərhədlərin açılması xaricdə yaşayan onlarla soydaşlarımızın yay tətilini Azərbaycanda keçirməsinə şərait yaradıb. Diaspor nümayəndələrinin eyni vaxtda Vətəndə olmalarını nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi onların Şuşaya səfərini təşkil edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.
Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.
Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək.
Diaspor nümayəndələrinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli Ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.