Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramı müzakirə edilib
AzerTAg.az
Bakı, 26 yanvar, AZƏRTAC
İsveçrə İqtisadi Əməkdaşlıq Qurumu (SECO) tərəfindən dəstəklənən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi Potensialının Gücləndirilməsi Proqramı”nın həyata keçirilməsi ilə bağlı müzakirələr üçün ölkəmizdə səfərdə olan missiya heyətinin üzvləri ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) görüş olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ortamüddətli xərclər çərçivəsinin tətbiqi üzrə nəzərdə tutulan tədbirlər və fiskal dayanıqlılığın təmini istiqamətində qəbul edilən qanunlar və fiskal qaydalar barədə ətraflı məlumat verib. Eyni zamanda, proqram büdcənin tətbiqində monitorinq və qiymətləndirmənin rolu, İİTKM-in həyata keçirdiyi fəaliyyətlər və ümumilikdə ölkədə monitorinq və qiymətləndirmə institutunun təkmilləşdirilməsi üzrə görülən işlər də qonaqların diqqətinə çatdırılıb.
Avropa və Mərkəzi Asiya regionu dövlət sektorunun baş mütəxəssisi, tapşırıq qrupunun rəhbəri Andzs Ubelis Azərbaycanda qəbul olunan Dövlət proqramlarının monitorinq və qiymətləndirmə hesabatlarının proqram büdcənin tətbiqi prosesi ilə əlaqələndirilməsi və ümumilikdə Ortamüddətli Xərclər Çərçivəsi sahəsində potensialın gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə dövlət maliyyə islahatları üzrə beynəlxalq məsləhətçi Mark Robinson, ortamüddətli xərclər çərçivəsi islahatları strategiyası üzrə məsləhətçi Marko Kanqiano, dövlət büdcəsi üzrə məsləhətçi Jordi Banos Roviranın iştirakı ilə Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.



Xəbərin mətnində orfoqrafik səhv var