SİYASƏT
Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayrılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Sərəncamı Azərbaycanda özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılmasının, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılmasının, həmçinin texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsinin zəruriliyini nəzərə alaraq imzalayıb.
Sərəncama əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına üç milyon manat ayrılıb.