ELM VƏ TƏHSİL


Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyənləşdirilib

Bakı, 30 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın “Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi” mövzusunda apardığı tədqiqatlar nəticəsində ölkəmizdə payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyənləşdirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, ilk dəfə Gəncə-Qazax bölgəsində payızlıq buğda sahələrində, həmçinin yabanı dənli bitkilərin üstünlük təşkil etdiyi təbii senozlarda böcək faunası ətraflı tədqiq edilib. Müəyyənləşdirilib ki, bölgədə dənli bitki senozlarında 10 fəsiləyə, 22 yarımfəsiləyə, 42 cinsə mənsub 54 növ yayılıb. Bunlardan 10 növ Azərbaycan faunasında, əlavə olaraq 16 növ isə Gəncə-Qazax bölgəsində ilk dəfə qeydə alınıb.

Tədqiqatlar nəticəsində başlıca zərərverici sərtqanadlıların ilk dəfə Gəncə-Qazax bölgəsi üçün fenoloji təqvimi verilib, torpaqda miqrasiyası, rastgəlmə tezliyi, uçuş dinamikası və həmin növlərin payızlıq buğdaya zərəri hesablanıb, entomofaqları və qida bitkisi ilə əlaqələri müəyyənləşdirilib. Bu nəticələr nəinki bölgə, həmçinin Azərbaycan faunası üçün nəzəri-elmi baza kimi böyük əhəmiyyət daşıyır.

Tədqiqat zamanı ilk dəfə ekoloji göstəricilərin köməyi ilə dənli bitki senozlarında yayılmış sərtqanadlılar faunasının ekoloji təhlili aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.