CƏMİYYƏT


“Azərbaycanda penitensiar islahatlara əlavə dəstək-2” layihəsinin təqdimatı keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Avropa Şurasının Azərbaycan üzrə 2018-2021-ci illər üçün Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək–2” (SPERA 2) adlı birgə layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir cəzaçəkmə müəssisələrində səhiyyə xidmətinin təşkili, cəzaçəkmə müəssisələrinin idarə olunması və keçmiş məhkumların cəmiyyətə inteqrasiyasını qabaqcıl Avropa standartlarına və təcrübəsinə uyğunlaşdıraraq Azərbaycanda məhkumların müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan layihəyə həsr olunub.

Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov çıxış edərək ədliyyə naziri Fikrət Məmmədovun adından qonaqları salamlayaraq ölkəmizin Avropa Şurası ilə ilk əlaqələrinin qurulması tarixindən danışıb.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların penitensiar sahəni də əhatə etdiyini vurğulayıb. O, beynəlxalq əməkdaşlığın, xüsusilə Avropa Şurası ilə münasibətlərin bu islahatlara böyük töhfə verdiyini qeyd edib. Xüsusilə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı penitensiar sistemdə aparılan islahatların daha da geniş vüsət almasına güclü təkan verib.

Ümumilikdə 2006-cı ildən etibarən qarşılıqlı səmərəli əməkdaşlıq nəticəsində penitensiar sistemin təkmilləşdirilməsi istiqamətində beş layihə uğurla həyata keçirilib. İcrası 2018-ci ildə yekunlaşdırılmış Avropa Şurasının və Avropa İttifaqının “Penitensiar islahatlara əlavə dəstək” adlı birgə layihəsi çərçivəsində hazırlanmış 20 aylıq fəaliyyət planına uyğun olaraq həbsxanaların tibb heyətinin imkanlarının inkişaf etdirildiyi, cəzaçəkmə müəssisələrinin rəhbərlərinin peşəkarlığının təkmilləşdirildiyi diqqətə çatdırılıb. Səmərəli əməkdaşlığa və bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə Avropa Şurasının aidiyyəti qurumlarının əməkdaşlarına minnətdarlığını bildirən nazir müavini yeni layihənin icrasının da birgə səylər nəticəsində uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev aparılan islahatların nəticəsi olaraq penitensiar sistemdə tibb xidməti üzrə əldə olunmuş nailiyyətlər barədə qonaqlara məlumat verib. O, “SPERA 2” layihəsinin əvvəlki layihə çərçivəsində hazırlanan cəzaçəkmə müəssisələrində səhiyyə xidmətlərinin təşkili, psixi sağlamlıq və cəzaçəkmə müəssisələrinin idarə olunmasına dair üç qiymətləndirmə hesabatının nəticələri və tövsiyələri əsasında ərsəyə gəldiyini bildirib, səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə müxtəlif rejimli cəzaçəkmə müəssisələrində pilot layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, həmçinin Avropa Şurasının insan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun proqram rəhbəri Oskar Alarkon Ximenez təqdimat mərasimində çıxış ediblər.

Avropa Şurasının Bakı ofisinin layihə üzrə məsul şəxsi Aynur Quliyeva layihənin əhatə etdiyi əsas istiqamətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir “SPERA 2” layihəsinin fəaliyyət planının müzakirəsi və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.