ELM VƏ TƏHSİL


Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün onlayn tədrisə keçid təşviq edilir

Bakı, 2 aprel, AZƏRTAC

Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliklərinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə ölkəmizdə peşə təhsili müəssisələrinin tələbələri üçün dərslərin çəkilişi həyata keçirilir. Koronavirus pandemiyası dövründə tələbələrin tədrisdən geri qalmamaları üçün bu dərslər milli telekanalda yayımlanacaq.

BMTİP-in Azərbaycan ofisindən AZƏRTAC-a bildirilib ki, dərslər geyim üzrə dizayner, mebel istehsalı, informasiya texnologiyaları və proqramlaşdırma, eləcə də digər istiqamətlər üzrə peşə təlimlərini əhatə edir. Həmin dərslər “Mədəniyyət” kanalının “Dərs vaxtı” verilişində aprelin 3-dən başlayaraq saat 16:30-da yayımlanacaq və digər rəqəmsal platformalarda da mövcud olacaq.

Teledərslər hər kəsin, xüsusən də Azərbaycanın daha ucqar ərazilərində internetə çıxışı olmayan tələbələrin təhsil almasına dəstək olacaq. Bütün dərslər Təhsil Nazirliyinin video.edu.az portalına yerləşdiriləcək.

Dərslər Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədilə həyata keçirilən “Lənkəran iqtisadi rayonunda regional model peşə təhsili mərkəzinin yaradılması” və “Gəncədə sənaye üzrə regional peşə kompetensiya təhsili mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb.

2018-ci ildən bəri Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində dülgər, üzlükçü-dizayner, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində geyim üzrə dizayner, isitmə və soyutma sistemlərinə xidmət, dağ-mədən sənayesi kimi sahələrdə 460-dan çox tələbə üçün praktiki tədris həyata keçirilir. Bu günədək həmin iki layihə çərçivəsində 12 yeni ixtisas kurikulumu və 54 tədris modulu, bundan əlavə 10 qısa müddətli kurslar üçün kurikulum və modulların hazırlanmasına dəstək göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.