SİYASƏT
Azərbaycanda qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində görülən işlər yüksək qiymətləndirilib
Bakı, 3 iyul, AZƏRTAC
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri, Avropa İttifaqının bu məsələlərdə ədalətli mövqe tutmasının vacibliyi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin düşmüş soydaşlarımızın problemləri barədə danışıb. Qeyd olunub ki, münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün öz torpaqlarına qayıtmalıdır. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkün probleminin həlli istiqamətində mühüm addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyeva bu problemlərin həllinə xüsusi diqqət yetirir. Çətin vəziyyətdə, qəzalı binalarda yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin edilir.
Diqqətə çatdırılıb ki, respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər öz doğma yurdlarına qayıtmağı arzulayırlar. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə bərpa olunması vaxtilə buradan didərgin düşmüş ailələrin sevincinə səbəb olub. Hazırda kənd sakinlərinin kəndə qayıdışı davam edir. Bərpa və yenidənqurma işləri, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycanın işğaldan azad ediləcək bütün ərazilərində aparılacaq.
Səfir Kestutis Yankauskas mövcud olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanda qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunması məsələsinə toxunaraq dünyada belə bir nümunənin çox az olduğunu bildirib. Səfir Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini bundan sonra da əsirgəməyəcəyini deyib.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.