CƏMİYYƏT
Azərbaycanda qadın siyasətinin həyata keçirilməsində mühüm xidmətləri olan ictimai-siyasi xadim - Zəhra Quliyeva
Bakı, 18 yanvar, AZƏRTAC
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru, Əməkdar elm xadimi, professor Zəhra Quliyeva Azərbaycanda qadın siyasətinin həyata keçirilməsində mühüm xidmətləri olan, respublika səhiyyəsinin inkişafına, tibb elminə böyük töhfələr vermiş ictimai-siyasi xadim kimi tanınır.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi görkəmli elm xadimi Zəhra Quliyevanın xatirəsini yad edib.
Zəhra Quliyeva 1998-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinə sədr təyin olunub. O, qadınların bütün sahələrdə təmsil edilməsi, qadın iştirakçılığının artırılması, yerli və beynəlxalq səviyyədə qadın məsələlərinə diqqət yetirilməsi və digər müvafiq istiqamətlərdə uğurlar qazanıb. Onun əməyi və səyləri nəticəsində 1998-ci il sentyabr ayında müstəqil Azərbaycan qadınlarının qurultayı keçirilib. Z.Quliyeva, həmçinin Ümumdünya Qadın Konfransında ölkəmizi layiqincə təmsil etmiş, qadınlarımızın haqq səsini bütün dünyaya çatdırıb.
O, 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtiraların müəllifidir.
Zəhra Quliyeva səmərəli fəaliyyətinə və əhəmiyyətli xidmətlərində görə “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı”, Azərbaycan Respublikasının “Şöhrət” ordenləri və medallarla təltif edilib, Əməkdar elm xadimi adına layiq görülüb.
O, 2005-ci il noyabrın 28-də vəfat edib.