İQTİSADİYYAT
Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev avqustun 19-da Bakıda öz işinə başlayan “Quşçularının Beynəlxalq Forumu”ndakı çıxışı zamanı söyləyib.
M.Musayev qeyd edib ki, sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dünya əhalisinin sürətlə artması nəticəsində ərzaq təhlükəsizliyi əsas problem olduğu dövrdə hər bir ölkə öz əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün bir sıra dövlət proqramları həyata keçirilir.
Bildirib ki, son illər ölkədə özəl sektorun inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilir, demək olar ki, sahibkarlıq yeni dövrə qədəm qoyur. İqtisadiyyatın bir çox sahələri kimi, respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixrac potensialı da yaradılıb. İntensiv inkişaf sayəsində ölkə 98 faiz quş əti, 100 faiz yumurta istehsalı ilə özünü təmin edir. Belə ki, cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10,2 milyon baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev quşçuluq sahəsindəki vəziyyətdən, bu sahənin müasir standartlara uyğun məhsul istehsalı qabiliyyətindən söhbət açıb. Qeyd edib ki, bu sahəyə daim dövlət dəstəyi göstərilib, 2009-cu ildən başlayaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verilib. Nəticədə yeni quşçuluq kompleksləri inşa olunub, fəaliyyət göstərən fabriklər yenidən qurulub və müasir avadanlıqla təchiz edilib.
“Bu gün quş məhsulları istehsalı əvvəlki illərə nisbətən bir neçə dəfə artıb. İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur”, - deyə A.Vəliyev əlavə edib.
Quş əti məhsullarının istehsalı ilə məşğul olan iş adamlarının həyatında mühüm hadisə hesab edilən forumda quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təchizat məsələləri müzakirə olunub.
Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev rəhbəri olduğu assosiasiyanın qarşısında duran hədəflərdən söhbət açıb. S.Şabayev bildirib ki, bu sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu sahədə qarşılıqlı əməkdaşlıq Azərbaycanda quşçuluğun inkişafına təkan vermiş olar.
Forumda eyni zamanda bildirilib ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır, ilkin olaraq MDB ölkələrinə çıxış nəzərdə tutulub. Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatının quşçuluq sahəsində daxili tələbatı ödəməklə yanaşı, xaricə ixrac imkanı da yaradılıb.
Daha sonra forum ayrı-ayrı sessiyalarla öz işini davam etdirib.
Tədbirdə hökumət nümayəndələri, eləcə də avadanlıq, yem əlavələri, baytarlıq preparatları təchizatçısı olan MDB və xarici dövlətlərin, habelə digər maraqlı şirkətlərin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Quşçular Assosiasiyasının, Avrasiya Quşçular Assosiasiyasının üzvü olan müəssisələrin, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ötən il keçirilən “Beynəlxalq Quşçuluq Forumu” çərçivəsində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Avrasiya Quşçuluq Assosiasiyası arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd əsasında iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla yanaşı, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq da həyata keçirilir.