CƏMİYYƏT


“Azərbaycanda readmissiya idarəetməsinin gücləndirilməsi” layihəsinin rəhbər komitəsinin beşinci onlayn iclası keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyi “Azərbaycanda readmissiya idarəetməsinin gücləndirilməsi” layihəsinin rəhbər komitəsinin beşinci onlayn iclasını keçirib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, layihə Model Readmissiya İşlərinin İdarə Edilməsi Sisteminin (RCMS) fərdiləşdirilməsi üçün sxemləşdirmə sənədinin təqdim edilməsi ilə ən mühüm fazasına keçid alıb.

BMqT-nin həmin sistemin platformasına əsaslanan və Azərbaycan Respublikası ilə Avropa İttifaqına üzv dövlətlər arasında təklif olunan sistemi əks etdirən sənəd layihənin rəhbər komitəsinin oktyabrın 26-da keçirilən beşinci iclasının əsas müzakirə mövzusu olub. Sənəd Azərbaycanda tətbiq olunacaq sistemin dizayn çərçivəsini, readmissya sorğusu iş axını funksiyalarını, qeyri-iş axını funksiyalarının fərdiləşdirilməsini və qeyri-funksional tələblərini əhatə edir.

Görüşdə BMqT-nin texniki heyəti Azərbaycanda sistemin quraşdırılmasının dəstəklənməsi üçün zəruri olan infrastruktur və avadanlıq tələblərini diqqətə çatdırıb və fərdiləşdirmənin praktikada necə baş verəcəyini təsvir edib.

Layihənin həyata keçirilməsində nəzərdə tutulan növbəti addım sxemləşdirmə sənədinin Azərbaycandakı tərəfdaşları - Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilməsi və lazımi avadanlığın satın alınmasıdır.

İclas layihənin tərəfdaşları tərəfindən indiyədək görülən işlərdən məmnunluğun ifadə edilməsi və 2022-ci il yanvarın sonunadək idarə heyətinin altıncı iclasının çağırılması barədə razılıq əldə olunması ilə başa çatıb.

Ötən ilin mayından həyata keçirilən “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsi BMqT tərəfindən hazırlanmış və EURCAP fondu vasitəsilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən fərdiləşdirilmiş elektron model sistemin Azərbaycanda tətbiqi və istismara verilməsinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.