ELM VƏ TƏHSİL


“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı mədəni-ictimai nəşr kimi maraqla oxunur

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan-Rusiya münasibətlərindən danışıb. Bildirilib ki, Rusiya ilə Azərbaycan arasında tarixən formalaşmış münasibətlər zaman keçdikcə bir çox ortaq dəyərlərin yaranmasına gətirib çıxarıb və bu gün də həmin dəyərlər müstəqil Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə münasibətlərinin tənzimlənməsində, iki ölkə arasında əlaqələrin qarşılıqlı inam və etimad üzərində yüksəlib inkişaf etməsində mühüm rol oynayır.

Bu dəyərlərin formalaşmasında rus dilinin xüsusi rolunu və əhəmiyyətini qeyd edən rektor deyib: “Rus dili əsrlərboyu millətlərarası ünsiyyət vasitəsi rolunu oynayıb, xalqlar, nəsillər arasında mədəni və mənəvi körpü olub. Realist sənətkar, mütərəqqi filosof Mirzə Fətəli Axundzadədən tutmuş böyük maarifçi Seyid Əzim Şirvaniyə, görkəmli dövlət xadimi Nəriman Nərimanovadək əksər ziyalılarımız Azərbaycan xalqının müasir Avropa, Qərb dəyərlərinə yiyələnməsində rus dilinin əvəzolunmaz rolunu qeyd edib və bu dilin tədrisini tövsiyə ediblər”.

N.Əliyeva ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən danışıb. O deyib: “Ümummilli lider Heydər Əliyev ana dilinin önəmini, dəyərini vurğulamaqla yanaşı, müasir dünyada rus dilinin xüsusi əhəmiyyət daşıdığını daim qeyd edib. Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikada bəzi millətçi qüvvələr rus dilinə və rusdilli əhaliyə qarşı ifrat emosional çıxışlar edərkən Ulu Öndər dəqiq və düzgün dil siyasəti irəli sürüb. Hələ 1978-ci il sovet Konstitusiyasında ölkəmizdə rus dili ilə yanaşı, Azərbaycan dilinin işlədilməsinə dair maddənin salınmasına nail olan H.Əliyev bu dəfə millətlərarası ünsiyyət dili kimi rus dilinə ikinci həyat verib. Beləliklə, Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasının 25-ci maddəsi ilə “hər kəsin ana dilindən istifadə etmək hüququ”, “hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ” təsbit edilib”.

Rektor qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verməklə rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində lazımi şəraitin yaradılmasına nail olub. Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə ölkəmizdə rusistika sahəsində çoxlu sayda layihələr həyata keçirilir, orta və ali məktəblərdə səmərəli tədris üçün yeni nəsil dərs vəsaitləri hazırlanır, rus dilinin aktual problemləri üzrə elmi simpoziumlar, beynəlxalq konfranslar təşkil olunur. Hazırda Bakı məktəblərində rus bölmələrinin sayı demək olar ki, Sovet İttifaqı dövrünün sonları ilə müqayisədə eynidir - paytaxtdakı orta məktəblərin təqribən yarısında – 324 məktəbin 155-də rus bölməsi var. Bundan əlavə, ölkəmizdə rus dilində onlarla qəzet, jurnal çıxır, elektron versiyada yayımlanır.

Tədbirdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova, Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri Artyom Barkov və digər çıxış edənlər jurnalın ötən illərdəki fəaliyyətini yüksək dəyərləndiriblər. Qeyd olunub ki, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı elmi-metodik əhəmiyyətini saxlamaqla, həm də mədəni-ictimai nəşr kimi böyük maraq doğurur.

Tədbir bədii proqramla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.