İQTİSADİYYAT


Azərbaycanda sahibkarlığın inkişafı prioritet məsələlərdəndir

Bakı, 23 fevral, AZƏRTAC

Ölkədə sahibkarlığın daha da inkişafı üçün biznes mühitinin daim yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bu gün dövlət-sahibkar münasibətləri inkişaf edir, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilir, investisiya təşviqi proqramı çərçivəsində müxtəlif layihələr reallaşdırılır, yeni sənaye zonaları yaradılır, müxtəlif ölkələrə ixrac missiyaları təşkil olunur, eləcə də ticarət evləri açılır.

Ötən 15 ildə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı keçib

Son 15 ildə ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər görülüb, sahibkarlığın inkişafına böyük dəstək verilib. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı keçib. Bunun 1 milyard manatı dövlət büdcəsindən ayrılıb, qalan 1 milyard manatdan çoxu isə verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib.

Təkcə keçən il müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 milyon manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Kreditlərin 64,3 faizinin regionların, 35,7 faizinin isə Bakının qəsəbələrinin payına düşüb. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb. Cari ildə isə daha 39 müəssisənin açılması gözlənilir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, indiyədək layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.

İnvestisiya təşviqi proqramı üzrə reallaşdırılan layihələr 22 minədək yeni iş yerinin açılmasına səbəb olacaq

Sahibkarlığın inkişafının dəstəklənməsi üçün müxtəlif mexanizmlərdən istifadə olunur ki, onlardan biri də investisiya təşviqi sənədidir. Belə ki, bu vaxtadək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Həmin layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minədək iş yerinin açılacağı gözlənilir.

Eyni zamanda, təkcə keçən il sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib.

Cari ildə yeni sənaye parkları yaradılacaq

Ölkənin sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının rolu böyükdür. Çünki hazırda Azərbaycan müasir sənaye mərkəzinə çevrilib. Sənaye sahəsində əsas diqqət qeyri-neft sektoruna yönəlib. Təkcə ötən il qeyri-neft sənayesi 9,1 faiz artıb. Bu sahədə görülən işlərin məqsədi isə ölkənin qeyri-neft sektorunun inkişafını təmin etmək, qeyri-neft ixracının həcmini artırmaqdır.

Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan mühüm addımlardır. Hazırda sənaye parklarında 67 rezident var və onlardan 40-ı artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə isə 5 milyard manatdan çoxdur. Həmin layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu il digər şəhərlərdə də sənaye zonalarının yaradılması planlaşdırılır.

Bu vaxtadək 24 ixrac missiyası təşkil olunub

İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil olunub. Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb. 104,2 milyon dollarlıq məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.

Təkcə ötən il dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası həyata keçirilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib. Belə ki, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub.

Bu il 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil ediləcək, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək.

Ötən il xarici ölkələrdə 5 “Azərbaycan Ticarət Evi” açılıb

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə keçən il xarici ölkələrdə 5 “Azərbaycan Ticarət Evi” açılıb. Bu ilin yanvarın 15-də Dubayda açılan “Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur. Bu il Rusiyada, BƏƏ-nin Əbu-Dabi şəhərində və Qazaxıstanda “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.

Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2 faiz artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.

Ekspert: Həyata keçirilən sistemli təşviq tədbirləri sahibkarlığın inkişafına dəstək verir

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, ölkəmizdə sahibkarların internet resurslarına çıxışının genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində son illər dərinləşdirilmiş islahatlar aparılır. Sahibkarlar həm birbaşa, həm də dolayı yolla güzəşt, təşviq proqramlarından istifadə etmək imkanına malikdirlər. Onların güzəştli kreditlərə çıxış imkanları var, bu da sahibkarların kredit resurslarına olan tələbatının ödənilməsi baxımından çox vacibdir. Bu da onlara imkan verir ki, həmin kreditlərdən faydalanaraq öz biznesini qura və genişləndirə bilsinlər.

“Güzəştli kreditlərin həcmi mütəmadi çoxalır və Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılan vəsaitin həcmində də hər il artım müşahidə olunur. Sahibkarların güzəştli kreditlə yanaşı, həm də təşviq sənədlərindən istifadə imkanı var. Son dövrlər dövlət tərəfindən sahibkarlara 300-dən çox investisiya təşviqi sənədi verilib. Bu sənədi almış sahibkarlar çox fərqli güzəştlərdən faydalanırlar. Onlar həm gəlir və mənfəət vergisindən 50 faiz, həm də digər vergi güzəştləri tətbiq edilir, ölkəyə texnologiya idxal edən zaman əlavə dəyər vergisindən azad olunurlar. Güzəştlərin tətbiqi imkan verir ki, sahibkarlar vergi formasında ödəniləcək vəsaitləri öz sərəncamlarında saxlasınlar. Bu da onlar üçün əlavə dövlət dəstəyi kimi xarakterizə olunmalıdır”, - deyə ekspert bildirir.

V.Bayramov əlavə edib ki, son dövrlər investisiya mühitinin yaxşılaşdırılması fonunda sahibkarlıq subyektlərində yoxlamaların 2021-ci iI yanvarın 1-dək dayandırılması ilə bağlı yeni qərar verildi. Bu da sahibkarlara müdaxiləni minimumlaşdırır: “Vergi Məcəlləsindəki son dəyişikliklər isə sahibkarların çox fərqli güzəştlərdən istifadə etməsinə imkan yaradır. Belə ki, yeni formalaşan startaplar mənfəət vergisindən 3 il müddətinə azad olacaq. Sahibkarlar üçün həyata keçirilən sistemli təşviq tədbirləri sahibkarlığın inkişafına dəstək verir. Təkcə onu qeyd etmək yerinə düşər ki, növbəti regionların sosial-iqtisadi inkişafı dövlət proqramında dövlət bu istiqamətə 17 milyard manat vəsait ayıracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.