REGİONLAR
Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara tam cavab verir
Balakən, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara tam cavab verir. Müstəqillik dövründə ölkəmizdə keçirilən seçkilərin hər biri öz demokratikliyi və şəffaflığı ilə seçilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı oktyabrın 16-da 109 saylı Balakən seçki dairəsində dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşmış kursun ikinci gününün tədris məşğələsində səsləndirilib.
Seminar-məşğələdə dairə seçki komissiyasının 9 üzvü və 39 məntəqə seçki komissiyasının sədrləri iştirak ediblər.
Seminarda seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri ilə bağlı məsələlərdən ətraflı bəhs edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dairə seçki komissiyasının sədri Vahid Əliyev iştirakçılara bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə geniş məlumat verib.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar bölgənin digər seçki dairələrində də davam edir.